×
A
A
A
Sazlamalar

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəqliyyat nazirlərinin 5-ci iclasında təmsil olunub

Budapeşt, 14 oktyabr, AZƏRTAC
Macarıstanın Budapeşt şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) nəqliyyat nazirlərinin 5-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan Respublikası, Macarıstan, Türkiyə və Özbəkistan nümayəndə heyətləri iştirak edib.
İclasda postpandemiya dövründə Transxəzər Nəqliyyat Dəhlizi boyunca nəqliyyat və tranzit əməliyyatlarının asanlaşdırılması üzrə görüləcək işlər, eləcə də “TDƏŞ üzv dövlətləri arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında Saziş” layihəsi müzakirə olunub. Eyni zamanda, Transxəzər Nəqliyyat Dəhlizi boyunca “Yol Nümayiş Turu”nun təşkili, üzv dövlətlər arasında “e-icazələrin” və “e-CMR” (beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi) tətbiqi, TDƏŞ çərçivəsində “qardaş limanlar” prosesi və digər məsələlərin müzakirəsi aparılıb.
İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxış edib. Nazir müavini işğalda olan torpaqlarımızın azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar və imkanlar şəraitində nəqliyyat əlaqələrinin inkişafı, o cümlədən ölkəmizin tranzit potensialının genişlənməsi istiqamətində Zəngəzur dəhlizinin rolu, eləcə də 30 illik işğal nəticəsində dağıdılmış infrastrukturun yenidən qurulması və tikintisi haqqında məlumat verib.
Rəhman Hümmətov bildirib ki, “Zəngəzur dəhlizi” Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qalan hissəsi ilə birləşdirməklə yanaşı, Cənubi Qafqazda nəqliyyat inteqrasiyasını genişləndirəcək, həmçinin Asiyadan Avropaya ən qısa quru yolunu təmin edəcək.
Nazir müavini Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca nəqliyyat və tranzit əməliyyatlarının asanlaşdırılması üzrə ölkəmiz tərəfindən görülmüş tədbirləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Nəqliyyat və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması məsələlərinə toxunan Rəhman Hümmətov ölkələrimizdən keçən dəhlizlərin tam rəqəmsallaşmasına nail olmaq üçün fərqli ölkələrdə inkişaf etdirilən rəqəmsal platformaların inteqrasiyasının vacib olduğunu söyləyib.
İclasda Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə də iştirak edib.
Məlumat üçün bildirək ki, oktyabrın 13-də TDƏŞ-in Nəqliyyatın İnkişafı üzrə İşçi Qrupunun 10-cu iclası keçirilib.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Nəqliyyat 2021-10-14 19:33:00