×
A
A
A
Sazlamalar

Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bütün dünyadakı soydaşlarımızın qəlbini böyük fərəh hissi ilə doldurdu

Tokio, 9 oktyabr, AZƏRTAC

Ötən il sentyabrın 27-də başlayan və noyabrın 8-də başa çatan Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bütün dünyada yaşayan soydaşlarımızın qəlbini böyük fərəh hissi ilə doldurdu.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində elektronika sahəsində tanınmış alim, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər deyib.
Diaspor təşkilatının sədri bildirib ki, bu xəbər dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların, o cümlədən Yaponiyadakı soydaşlarımızın qəlbini qürur və fəxarət hissi ilə doldurub. “Müharibənin ilk günündən Yaponiyada yaşayan həmvətənlərimizlə əlaqə saxlayaraq döyüşlərin gedişini, cəbhədən gələn xəbərləri böyük intizarla gözləməyə başladıq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəhər və kəndlərimizin azad edilməsi ilə bağlı bəyanatlarını, xalqa müraciətlərini səbirsizliklə gözləyirdik. İşğal altında olan Azərbaycan torpaqlarının qəhrəman Ordumuz tərəfindən azad edilməsi barədə xəbərləri isə sosial şəbəkələrdə paylaşaraq biri-birimizə gözaydınlığı verirdik”, - deyə o əlavə edib.
X.Kələntər bildirib ki, bəzi informasiya kanallarının yalan məlumatlar yaymasının, ermənilərin və onların xarici havadarlarının dəstəyi ilə təxribat xarakterli informasiyaların qarşısını almaq üçün diaspor təşkilatı tərəfindən həqiqəti əks etdirən çoxsaylı bəyanatlar hazırlanaraq, Yaponiyanın dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, kütləvi informasiya vasitələrinə, beyin mərkəzlərinə göndərilib. Yaponiyada yaşayan həmvətənlərimiz və yapon dostlarımız tərəfindən Ordumuza maliyyə yardımları təşkil edilib. Bununla yanaşı, Yaponiyanın televiziya və radio kanallarında müharibənin gedişi barədə obyektiv məlumatlar yaymaq üçün diaspor fəallarımızın çıxışları təşkil olunub. Diaspor sədri vurğulayıb ki, bütün bunlar bizim hamımızın Müzəffər Ali Baş komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsinin təsdiqi idi.
Müharibənin gedişini Vətəndən uzaqda izləsələr də, qəlblərinin hər an Azərbaycanda, döyüşən əsgərlərimizin yanında olduğunu vurğulayan Xəlil Kələntər deyib: “Otuz ilə yaxın erməni işğalı altında qalan Vətən torpaqlarının azad edilməsi barədə Ali Baş Komandan İlham Əliyevin hər bəyanatını göz yaşları ilə qarşılayırdım. Ürəyim sevincdən az qala yerindən çıxırdı. Bu, çox möhtəşəm bir hiss idi. Bu hissi bizə yaşadan bütün dünya azərbaycanlılarının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, qəhrəman zabit və əsgərlərimizə dərin minnətdarlığımı bildirirəm. Şəhid balalarımızın valideynlərini bağrıma basaraq “Allah bütün şəhidlərimizə rəhmət eləsin!” deyirəm. Allahdan onlara səbir diləyirəm”.
Diaspor təşkilatının sədri əlavə edib ki, Vətən müharibəsi vaxtı bütün dünya xalqları Prezident İlham Əliyevi yalnız bacarıqlı dövlət başçısı kimi deyil, həm də mahir diplomat və qalib sərkərdə kimi tanıdı. Bütün bunlarla yanaşı, soydaşlarımız Prezident İlham Əliyevin müxtəlif ölkələrdən olan jurnalistlərin suallarını necə möhtəşəm və qətiyyətlə cavablandırmasının şahidi oldular və bunu hədsiz qürur hissi ilə izlədilər. Dövlətimizin başçısının bəzi əcnəbi jurnalistlərin təxribat xarakterli suallarını onların özünü çaş-baş salan suallarla məntiqli şəkildə cavablandırması, bu ölkələrin tarixini və siyasi inkişafını onlardan yaxşı bildiyini göstərməsi hər bir soydaşımızın qəlbində böyük fəxarət hissi doğurdu. Prezident İlham Əliyevin xarici ölkə jurnalistlərinə onların doğma dillərində verdiyi cavablar müharibənin gedişi, əsgərlərimizin qəhrəmanlığı, Ordumuzun döyüş qabiliyyəti barədə həqiqətlərin dərhal bütün dünyaya çatdırılmasına böyük təsir göstərirdi.
Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşanın düşmən tapdağından azad edilməsi barədə xəbərin Yaponiyada yaşayan soydaşlarımız tərəfindən də böyük bayram kimi qarşılandığını xatırladan X.Kələntər bildirib: “Bir azərbaycanlı olaraq başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla, qalib Ordumuzun hər bir əsgərinə bu sevinci bizə yaşatdıqlarına görə bir daha minnətdarlığımı çatdırıram. Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızın ruhu qarşısında baş əyirəm. Qələbən mübarək, Azərbaycan!”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Diaspor 2021-10-09 16:48:00