×
A
A
A
Sazlamalar

Pakistanın Lahor şəhərində Anım Günü ilə bağlı tədbir təşkil edilib

Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan diasporunun fəal üzvü, Pakistan–Rumıniya Dostluq Cəmiyyətinin prezidenti Şəhla İsayevanın təşkilatçılığı ilə Pakistanın Lahor şəhərində 27 Sentyabr – Anım Gününə həsr edilmiş mərasim keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, anım mərasimində ölkə parlamentinin sabiq üzvü Fərid Əhməd Piraça, Pəncab vilayəti Baş nazirinin sabiq müşaviri Xavaca Nur Mühəmməd Sahav və digərləri iştirak ediblər.
Azərbaycanın və Pakistanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım guşəsinə gül dəstələri düzülüb, şamlar yandırılıb.
Tədbirdə çıxış edən Şəhla İsayeva və digər qonaqlar 44 günlük Vətən müharibəsi barədə ətraflı məlumat veriblər. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun cəmi 44 gün ərzində bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdiyini və 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad etdiyini bildiriblər.
Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən məmnunluq ifadə olunub.
Tədbir hərbi geyimli soydaşımız Sinan İqbalın vətənpərvərlik mövzusunda şeir söyləməsi, Vətən müharibəsini əks etdirən videoçarxın nümayiş olunması ilə yekunlaşıb.
Anım mərasimi Pakistan mətbuatında işıqlandırılıb.

Diaspor 2021-10-01 13:36:00