×
A
A
A
Sazlamalar

Vətən müharibəsi qurbanlarının xatirəsi Afinada yad edilib

Afina, 29 sentyabr, AZƏRTAC
Azərbaycanın Yunanıstandakı səfirliyində 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsinə ehtiram olaraq anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan Zəfərimiz barədə məlumat veriblər. Azərbaycanın Yunanıstan və Albaniyadakı səfiri Anar Hüseynov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə qazanılmış tarixi Qələbə, bu istiqamətdə aparılan ardıcıl siyasi və diplomatik fəaliyyət, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik, döyüş meydanında şücaət göstərmiş qəhrəman şəhidlərimiz və qazilərimiz haqqında danışıb.
“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov Ermənistan təcavüzünün aradan qaldırılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atılan addımlar, Azərbaycan hərbçilərinin qəhrəmanlığı, Silahlı Qüvvələrin qüdrətini artıran uğurlu ordu quruculuğu prosesi barədə məlumat verib. Vurğulanıb ki, harada yaşamağımızdan asılı olmayaraq, gənclərimizi və övladlarımızı milli ruhda böyütməli, Vətənimiz Azərbaycanımızı sevməyi öyrətməliyik.
Azərbaycan diasporunun üzvü Jalə İsgəndərova çıxış edərək müharibə zamanı ermənilərin dinc Azərbaycan əhalisinə qarşı Bərdə, Tərtər, Goranboy, Gəncə şəhərlərində törətdikləri terrordan, azad olunmuş ərazilərdəki erməni vandalizmindən, minalanmış sahələrdən və buna baxmayaraq, Azərbaycanın doğma torpaqlarda həyatın bərpası istiqamətində göstərdiyi qətiyyətdən danışıb.
Bildirilib ki, Zəfəri bizə yaşadan şəhidlərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq və onların xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Daha sonra tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsinin tarixini, dövlətimizin başçısının çıxışlarını, Azərbaycan xalqının Vətən uğrunda birləşməsini və digər mühüm məqamları əks etdirən film nümayiş olunub.

 

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Diaspor 2021-09-29 20:05:00