×
A
A
A
Sazlamalar

Yunanıstan mediasında Şuşa şəhərinin Vətən övladlarının qanı bahasına azad edildiyi diqqətə çatdırılıb

Bakı, 28 sentyabr, AZƏRTAC

“Qala” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə bu ölkənin “www.karfitsa.gr” xəbər saytında Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş məqalə yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, jurnalist Fuad Hüseynzadənin qələmə aldığı məqalədə bildirilib ki, 44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan xalqı öz adını dünya tarixinə yazıb. Qeyd edilib ki, işğaldan azad edilən şəhərlərdən biri olan Şuşa hər bir azərbaycanlı üçün qürur mənbəyidir. “Vətən övladlarının qanı burada töküldüyü üçün bu şəhər müqəddəs yerdir. Sanki qəhrəman şəhidlərin ruhu bu şəhəri müqəddəsləşdirib. Aydındır ki, bu səbəbdən Şuşa ziyarəti müqəddəs bir yeri ziyarət etmək deməkdir”, - deyə müəllif vurğulayıb.
Azərbaycanın görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin vətəni olan Şuşada həyatın yenidən canlandığı, Heydər Əliyev Fondunun burada tez-tez mədəni tədbirlər keçirdiyi, bu qədim şəhərə səfərlərin müntəzəm təşkil edildiyi diqqətə çatdırılıb. “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşanın tarixi simasının bərpası istiqamətində işlər aparılır. Bundan sonra Şuşa müasir Azərbaycan turizminin dünyaya açılan qapısı olacaq”, - deyə məqalədə vurğulanıb.

Diaspor 2021-09-28 15:47:00