×
A
A
A
Sazlamalar

Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Anım Günü ilə bağlı bəyanat yayıb

Tokio, 27 sentyabr, AZƏRTAC

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Vətən müharibəsinin başlamasının birinci ildönümü – 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər məlumat verib.
Bəyanatın mətnində deyilir ki, 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra çar Rusiyası zamanı ermənilər 200 illik bir zaman kəsiyində əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan bəri xarici güclər onlardan öz siyasətləri üçün maşa kimi istifadə ediblər. Azərbaycanın qərb torpaqlarında bu dönəmdə yaradılan və Ermənistan adlandırılan dövlət ağalarına göstərdiyi xidmət müqabilində bu güclərin dəstəyi ilə Türkiyənin və Azərbaycanın ərazilərinə mütəmadi iddialarla çıxış edib. Keçən əsrin sonlarında Azərbaycanın Qarabağ ərazisinin dağlıq hissəsində yaşayan ermənilər açıq şəkildə Azərbaycanın həm dağlıq, həm aran hissəsini işğal ediblər.
Sənəddə deyilir: “Azərbaycan ATƏT-ə müraciət edərək Ermənistanın işğalına son qoyması üçün öhdəliklərinə uyğun olaraq tədbirlər görməyə çağırıb. Təəssüf ki, ATƏT-in Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalıb.
BMT Təhlükəsizlik Şurasının da Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalıb və icra olunmayıb.
Cəzasızlıqdan ruhlanan Ermənistan “yeni müharibə, yeni torpaqlar” iddiası ilə 2020-ci il sentyabrın 27-də Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutub. Azərbaycan cavab tədbirləri görərək Ermənistanın növbəti hücumunun qarşısını alıb və Ermənistanın işğalçı ordusunu bu gün Vətən müharibəsi adlandırdığımız 44 günlük döyüş əməliyyatları nəticəsində ölkəmizin BMT tərəfindən tanınan ərazilərindən qovub.
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni bir neçə dəfə ballistik raketlərlə atəşə məruz qoymasını böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq. Eyni zamanda, Ermənistan silahlı qüvvələri cəbhə bölgəsindən uzaqda yerləşən Azərbaycanın başqa bir şəhəri Bərdəyə “Smerch” raket sistemi ilə zərbələr endirib. Ermənistanın Azərbaycana qarşı təcavüzü 93 mülki vətəndaşın həlak olmasına və 454 nəfərin yaralanması da daxil olmaqla ciddi mülki itkilərə səbəb olub. Ermənistanın dinc əhaliyə qarşı təcavüzü nəticəsində mülki şəxslərin qətlə yetirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması deməkdir.
Azərbaycan diasporunun nümayəndələri olaraq, beynəlxalq ictimaiyyətin müharibə cinayətkarlarının ədalət məhkəməsinə cəlb edilməsində həlledici rol oynayacağına inanaraq, Ermənistanın azərbaycanlılara qarşı törətdikləri qəddar hücumları qınayır və beynəlxalq ictimaiyyətdən beynəlxalq hüququ pozan günahkarların cəzalandırılması üçün lazımi addımları atmasını tələb edirik.
Yuxarıda göstərilənlərə nail olmaq üçün dünya ictimaiyyətini öz səlahiyyət və imkanları daxilində səylərini əsirgəməməyə çağırırıq”.
Bəyanatın sonunda Azərbaycan-Yaponiya Dostluq Mərkəzi beynəlxalq ictimaiyyəti Azərbaycan torpaqlarında ədaləti bərpa etməyə, xalqımızın haqq işində ona dəstək olmağa çağırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Diaspor 2021-09-27 19:46:00