×
A
A
A
Sazlamalar

Kanadada Anım Gününə həsr olunmuş videomaterial hazırlanıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü əsasında ingilis dilində 27 sentyabr – Anım Gününə həsr olunmuş videomaterial hazırlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Kanadada yayımlanan "EL TV" telekanalı tərəfindən lentə alınan “Patriotic War - Operation “Iron Fist”” (“Vətən müharibəsi – “Dəmir yumruq” əməliyyatı”) adlı videomaterialda İkinci Qarabağ müharibəsi haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, 44 günlük müharibə ötən il iyulun 12-də Ermənistanın Azərbaycanla dövlət sərhədində silahlı təxribata əl atmasından və sentyabrın 27-də bütün təmas xətti boyu Azərbaycana genişmiqyaslı hücuma keçməsindən sonra başlayıb. Hərbi təxribatın qarşısını almaq məcburiyyətində qalan Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verildiyi və düşməni sülhə məcbur etmək üçün “Dəmir yumruq” planının uğurla həyata keçirildiyi vurğulanıb.
Hərbi ekspertlər və dünya mediası Ordumuzun şəxsi heyətinin döyüş ruhu və bacarığı qarşısında heyrətlərini gizlədə bilmədiklərini, işğaldan azad edilmiş Qarabağ torpaqlarında hazırda sürətlə tikinti-quruculuq işlərinin aparıldığını diqqətə çatdırıblar.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi mütəmadi olaraq ingilis dilində Azərbaycan tarixini özündə əks etdirən silsilə videomateriallar hazırlayaraq, ölkəmiz haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasına çalışır.

Diaspor 2021-09-27 17:55:00