×
A
A
A
Sazlamalar

Moskvada ADA Universitetinin dinləyiciləri üçün modulun birinci mərhələsi başa çatıb

Moskva, 26 sentyabr, AZƏRTAC

Moskvada MDBMİ-nin Biznes və Beynəlxalq Kompetensiyalar Məktəbi və ADA Universiteti tərəfindən birgə reallaşdırılan “MBA Finance” proqramının dinləyiciləri üçün modulun birinci mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, birinci modul sentyabrın 13-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) açılıb. Modul çərçivəsində proqramın dinləyiciləri korporativ maliyyə, islam maliyyələşdirməsi, rəqəmsal maliyyə və “FinTech” kursları keçib, Rusiyanın ən böyük şirkətlərinin praktiki maliyyə və investisiya fəaliyyəti ilə tanış olublar.
MDBMİ-nin Təbiətdən istifadə və ekologiya beynəlxalq kompleks problemləri kafedrasının rəhbəri Ruslan Əliyev AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycan və Rusiya arasında dövlətlərarası münasibətlərin inkişafında belə birgə təhsil proqramlarının əhəmiyyətini vurğulayıb. R. Əliyev deyib: “MDBMİ-nin məzunu kimi mənim üçün böyük şərəf və fərəhdir ki, MDBMİ ilə ADA arasında əlaqələr fəal inkişaf edir. Bu əlaqələr həmin ali məktəblərin rəhbərləri Hafiz Paşayev və Anatoli Torkunov arasında dostluq münasibətlərinə əsaslanır. Onları bir neçə onillik tarixə malik olan səmimi şəxsi münasibətlər bağlayır. Son iki ildə bu ali məktəb arasında əməkdaşlıq xüsusilə səmərəli olub. ADA dinləyiciləri üçün “MBA Finance” proqramı iki ölkə arasında təhsil sahəsində münasibətlərdə böyük sıçrayışdır”.
Kafedranın rəhbəri qeyd edib ki, müasir dünyada beynəlxalq iqlim siyasəti, dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat, yaşıl maliyyə, korporativ sosial məsuliyyət sahələrində mütəxəssislərə böyük ehtiyac var.
Ruslan Əliyev deyib: “Bu ildən MDBMİ-də “Dayanıqlı inkişafın menecmenti” adlı yeni magistr proqramı açılıb. İndi biz ADA universiteti ilə əməkdaşlığı genişləndirmək və “MBA Finance”-dan daha geniş formata keçid, proqrama yaşıl iqtisadiyyat, beynəlxalq münasibətlərin iqlim problemləri kimi fənlərin əlavə edilməsi haqqında danışıqlar aparırıq. Biz həm də yeni dövrün tələblərinə cavab verən, yeni profilin mütəxəssislər hazırlanmasına xidmət edən ikinci magistr proqramı yaratmağı planlaşdırırıq”.
MDBMİ-nin Biznes və Beynəlxalq Kompetensiyalar Məktəbinin direktoru Anjelika Mirzoyeva qeyd edib ki, ali məktəblərin ikiillik birgə proqramı ingilis dilində həyata keçir. Birinci il proqram Bakıda, ikinci il Moskvada keçir. O deyib: “İki həftə ərzində ən yaxşı müəllimlər mühazirələr oxuyub, keys məşğələləri keçiriblər. Dinləyicilər iki keys alıblar – birini “Sberbank”dan, digərini “Qazprombank”dan. Tələbələr bu keysləri noyabrda müdafiə edəcəklər. Tədris prosesindən başqa biz dinləyicilərə mədəni-işgüzar proqram təklif etmişik. Biz Moskva vilayətinin hökumətində, “Rostelekom”da və “Sberbank”da olmuşuq. Ümid edirik, bu modul müsbət təəssürat doğuracaq. Noyabrda biz daha məzmunlu görüş təşkil edəcəyik”.
Proqramın dinləyicisi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin daxili audit bölməsinin rəhbəri Rüfət Əhmədovun sözlərinə görə, “MVA Finance” Proqramı dinləyicilərə ADA və MDBMİ kimi iki nüfuzlu universitetin ikiqat diplomunu almaq imkanı verəcək. O deyib: “Moskvada birinci modul kifayət qədər səmərəli keçdi. Biz auditoriya məşğələlərindən əlavə, Rusiyanın aparıcı maliyyə müəssisələrində maraqlı görüşlər keçirdik. Ümid edirəm, noyabrda Moskvaya növbəti gəlişimiz bizim üçün daha maraqlı və faydalı olacaq”.
Bu ilin noyabrında keçirilməsi planlaşdırılan növbəti modulda dinləyiciləri Rusiya Dəmir Yollarının, Rusiya Mərkəzi Bankının, Moskva birjasının, VTB və başqa şirkətlərin maliyyə departamentlərinin nümayəndələri ilə görüşlər gözləyir.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Elm və təhsil 2021-09-26 17:35:00