×
A
A
A
Sazlamalar

Şair-publisist Dərviş Osman Əhmədoğlunun yeni şeirlər kitabının təqdimatı keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

"Mirvarid Dilbazi poeziya məclisi" İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Gürcüstan Aşıqlar Birliyinin sədri, mərhum şair- publisist Dərviş Osman Əhmədoğlunun “Mən Borçalıda qaldım” adlı şeirlər kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Mirvarid Dilbazi poeziya məclisi” İB-nin sədri Güllü Eldar Tomarlı kitabda şairin işıq üzü görməyən poeziya nümunələri, saz-söz adamlarının ona həsr etdikləri şeirləri və ürək sözlərinin yer aldığını bildirib.
Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Barış Sayğın, ictimai xadim, Əməkdar dövlət qulluqçusu İsrafil Qurbanov, iqtisad elmləri namizədi, alim Eldar Məmmədli, Mülkədar Nadir, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin sədr müavini Vüsal Əmirov, “Aşıq Pəri məclisi”nin sədri Pərvanə Zəngəzurlu, şair Səringül Sadə, Vüsal Ağayev, Rəşid Süleymanov mərhum şairin şeirlərindən səsləndirərək ürək sözlərini bildiriblər.
Sonra kitab iştirakçılara hədiyyə olunub.
Kitabın redaktoru Güllü Eldar Tomarlı, texniki redaktoru Vüsal Əmirov, məsləhətçisi Savalan Osmanlı, “Ön söz” müəllifi isə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır. Şeirlər toplusu şairin sayca səkkizinci kitabıdır.

Mədəniyyət 2021-09-26 16:45:00