×
A
A
A
Sazlamalar

Çoxşaxəli islahatlar ölkəmizin siyasi sistemində keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlığı şərtləndirib

Bakı, 26 sentyabr, AZƏRTAC

Bu gün Azərbaycanda yeni siyasi mühit, siyasi həmrəylik mövcuddur. Hazırda ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, siyasi plüralizm istiqamətində inkişaf, partiyalarla, siyasi institutlarla dialoqun daha da möhkəmləndirilməsi prosesi gedir. Bütün bunlar yeni bir siyasi münasibətlərin formalaşdığını təsdiqləyir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Anar Məmmədovun "İslahatlar dövrünün yeni siyasi konfiqurasiyası" sərlövhəli məqaləsində yer alıb.
Məqalədə, həmçinin deyilir ki, Azərbaycanda siyasi islahatlar dərinləşdikcə siyasi plüralizmin daha da şaxələnməsi, siyasi hüquq və azadlıqların durmadan genişlənməsi, çoxpartiyalı siyasi sistemin yeni konfiqurasiyasının formalaşması prosesi daha da intensivləşməyə başlayıb. Son vaxtların əsas siyasi müzakirə mövzularından biri də Azərbaycanda siyasi sistemdə yeni konfiqurasiyanın formalaşmasıdır. Prezident İlham Əliyevin apardığı siyasi islahatların tərkib hissəsi olan bu proses artıq ilkin nəticələrini verir. Bir sıra yeni partiyaların dövlət qeydiyyatına alınması, siyasi partiyaların liderləri ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsində mütəmadi olaraq keçirilən görüşlər dediklərimizə sübutdur.
Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlığı şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. Həmçinin, siyasi sistemin vacib komponentləri olan siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşır.
Bildirilir ki, ötən ilin əvvəlindən başlayaraq ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranması, həqiqətən də, siyasi partiyalar və təşkilatlar arasındakı münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Bu, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi. Ölkə başçısının nümayiş etdirdiyi siyasi iradə və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin siyasi partiyaların rəhbərləri ilə görüşləri istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni bir zəminin formalaşmasını şərtləndirdi.
Qeyd olunur ki, bu gün ölkəmizdə demokratiyanın vacib elementlərindən biri kimi siyasi partiyaların fəaliyyətinə hər cür şərait yaradılıb. Ölkəmizdə 40-dan artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması göz önündədir. Bütün bunlar cəmiyyətdaxili siyasi münasibətlərə müsbət təsir etməklə cəmiyyətdə siyasi proseslərə yeni yanaşma formalaşdırıb. Siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edib.
Vətən müharibəsi dövründə siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər. Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmadı, praktiki olaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirdi və Ali Baş Komandanın yanında olduqlarını bəyan etdilər. Çoxdan arzuladığımız, digər ölkələrin siyasət mədəniyyətində izlədiyimiz anın şahidi olduq. Azərbaycanda da dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşdilər. Bütün bunlar isə demokratiya tariximizin yeni mərhələsini təşkil etməklə siyasi münasibətlər sistemimizə rasionallıq və pozitiv siyasi hava gətirib. Ancaq hazırkı postmüharibə mərhələsində qarşımızda olduqca mühüm və tarixi çağırışlar var ki, siyasi sistemimiz iqtidarı və müxalifəti ilə birlikdə bu çağırışın öhdəsindən gəlməyi bacarmalıdır.
Vurğulanır ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən siyasi islahatların gətirdiyi dəyişikliklər bütövlükdə ölkədə yeni dialoq və əməkdaşlıq mühitini daha da möhkəmləndirib, ölkədə sabitliyin, siyasi və milli həmrəyliyin daha da möhkəmləndirilməsi üçün qüvvətli əsaslar yaratmışdır. Bu mühüm ideoloji və siyasi işin əsas istiqamətlərini dövlətimizin başçısı VI çağırış Milli Məclisin ilk iclasındakı nitqində aydın şəkildə müəyyənləşdirib.

Siyasət 2021-09-26 12:51:00