×
A
A
A
Sazlamalar

Almaniyada bundestaqa seçkilər keçirilir

Berlin, 26 sentyabr, AZƏRTAC

Bu gün Almaniyada bundestaqa federal seçkilər keçir. Seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-da açılıb.
AZƏRTAC xəbər verir ki, seçicilər seçki məntəqələrinə gəlib, partiya siyahıları üzrə, birmandatlı dairələrdə isə fərdi namizədlərin lehinə səs verəcəklər və bu səsvermənin nəticələrinə görə yeni hökumət formalaşdırılacaq.
Məlumdur ki, uzun illər boyu federal kansler vəzifəsində öz xalqına xidmət etmiş Angela Merkel bugünkü səsvermənin nəticələrindən asılı olmayaraq bu vəzifədən gedəcək. Bu gün Almaniyada həm parlamentin yeni tərkibi formalaşmalı, həm də ölkənin yeni lideri seçilməlidir.
Bu gün yaşı 18-dən yuxarı olan 60 milyondan çox alman səsvermə hüququna malikdir.
Seçkilərdə XDİ/XSİ bloku, yaşıllar, solçular, Azad Demokrat Partiyası, Sosial Demokrat Partiyası, həmçinin millətçi “Almaniya üçün Alternativ” (AdQ) partiyası iştirak edir. Onlardan başqa bir neçə kiçik partiya da qeydiyyatdan keçib, lakin bu partiyaların minimal keçid həddinin aşma ehtimalı çox aşağıdır.
Miqrasiya, iqlimin müdafiəsi, postpandemiya dövründə bərpa, sosial paketlər - bugünkü səsvermə zamanı almanlar partiyaların proqramlarında üstünlük verdiyi bu əsas mövzuları nəzərə alacaqlar.
Səsvermənin ilkin nəticələri artıq bu gün yerli vaxtla saat 18:00-da məlum olacaq.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2021-09-26 12:05:00