×
A
A
A
Sazlamalar

“Şəhid qardaşıma məktub” inşa-yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Bakı, 25 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən 27 sentyabr - Anım Gününə həsr edilmiş “Şəhid qardaşıma məktub” inşa-yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, tədbirə, həmçinin Nəsimi rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri iştirak ediblər.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra “Şəhidlər ölməz” videoçarxı nümayiş etdirilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbiri açaraq bildirib ki, müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur fədailər Azərbaycan xalqının başını uca etdilər. Heç vaxt unutmayacağımız və unutdurmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalına və and yerinə çevrildi.
Sonra çıxış edən Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib: “Bu gün biz şəhidlərimizə və qazilərimizə borcluyuq. Hər birimiz həm vətəndaş, həm də tutduğumuz vəzifə çərçivəsində gənc nəslin onlar kimi formalaşmasında məsuliyyət daşıyırıq. Həyata keçirəcəyimiz təbliğat işləri ilə şərəfli tariximizi və bu tarixin qəhrəmanlarını uşaq və gənclərimizin əbədi yaddaşına yazılmasına nail olmalıyıq”.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon ərazi təşkilatının sədri Azər Quliyev və şəhid atası Ceyhun Kərimli çıxışlarında şəhidlərin xatirəsinin müqəddəs olduğunu qeyd ediblər.
Sonda müsabiqədə iştirak edən 1000-ə yaxın iştirakçı tələbə arasından 45 nəfər qalibə diplom və “Xarıbülbül” döş nişanı təqdim olunub.

Cəmiyyət 2021-09-25 19:55:00