×
A
A
A
Sazlamalar

ICESCO İslam Dünyası İrsi Günü münasibətilə müraciət yayıb

Qahirə, 25 sentyabr, AZƏRTAC

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) artıq ikinci ildir ki, üzv ölkələrdə qeyd edilən İslam Dünyası İrsi Günü münasibətilə müraciət yayıb.
Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə bu əlamətdar günün 2019-cu ilin dekabrında Tunisdə keçirilən ICESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin 11-ci konfransında bəşər mədəni irsinin mühüm hissəsi olan İslam irsinin qorunması məqsədilə təsis edildiyi diqqətə çatdırılıb. Hər il sentyabrın 25-də qeyd olunan bu gündə İslam ölkələrində tarixi mədəniyyət abidələrinin qorunması və bərpası məsələləri müzakirə edilir.
Müraciətdə vurğulanıb: “ICESCO tarixi mədəni irs abidələrinin qorunmasını prioritet məsələ kimi qarşıya qoyub və onların bir hissəsinin dağıdılması, xüsusən silahlı münaqişələr nəticəsində məhv edilməsi ilə bağlı narahatlığını ifadə edir. Təşkilat bütün üzv ölkələri öz ərazilərində olan irs abidələri haqqında nəşrlərin sayını artırmağa, onların bərpası təşəbbüsləri ilə çıxış etməyə çağırır. Bu sahədə İslam Dünyası İrsi Komitəsi ilə daha fəal əməkdaşlıq etmək faydalı olar”.
ICESCO İslam irsinin qorunması üzrə müxtəlif proqram və layihələr həyata keçirildiyini xatırladaraq qeyd edib ki, təşkilat tarixi abidələrin bərpası və qorunması sahəsində təşkil olunan seminar və simpoziumlarda üzv ölkələrin ekspert və alimlərinin iştirakını təmin edir. “Biz bütün hökumətləri, vətəndaş cəmiyyətini və üzv ölkələrdəki mütəxəssisləri İslam irsinin daha yaxşı qorunması, əhalinin bu barədə məlumatlandırılması üzrə fəaliyyəti gücləndirməyə çağırırıq”, - deyə müraciətin sonunda vurğulanıb.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Mədəniyyət 2021-09-25 13:55:00