×
A
A
A
Sazlamalar

Fiziki infrastruktur üzrə İşçi Qrupunun fəaliyyət planı müzakirə olunub

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Fiziki infrastruktur üzrə işçi qrupunun videoformatda iclası keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev və İşçi Qrupunun üzvləri iştirak edib. Tədbirdə İşçi Qrupunun 2021-ci il üçün Fəaliyyət Planının yanvar-iyun ayları üzrə icra vəziyyəti müzakirə olunub.
İşçi qrupunun rəhbəri, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rövşən Rüstəmov iclası açaraq Qrupun 2021-ci il üçün təsdiq olunmuş Fəaliyyət Planının icrasından irəli gələn məsələlər və qarşıda duran vəzifələr haqqında iştirakçıları məlumatlandırıb. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətli və koordinasiyalı icrasının təmin edilməsi məqsədilə işçi qrupu çərçivəsində zəruri işlərin bundan sonra da həyata keçiriləcəyini diqqətə çatdırıb.
Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev Fiziki infrastruktur üzrə İşçi Qrupunun Fəaliyyət Planının detallı tədbirlərdən ibarət çoxəhatəli sənəd olduğunu, plan üzrə görülmüş işlərin iclas zamanı bir daha qiymətləndirilməsinin aparılmasını, qarşıda duran vəzifələrə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Fəaliyyət Planının icrası ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və “Azərenerji” ASC-nin nümayəndələri təqdimatla çıxış ediblər.

 

İqtisadiyyat 2021-09-24 19:58:00