×
A
A
A
Sazlamalar

Azərbaycan və Koreyanın ali audit qurumları arasında əməkdaşlığın inkişafı müzakirə olunub

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Tonq Op və səfirliyin müvafiq nümayəndələri ilə görüşüb.
Palatadan AZƏRTAC-a bildirilib ki, səfir iki ölkənin ali audit qurumları (AAQ) arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini deyib. Görüşdə Vüqar Gülməmmədov Hesablama Palatasının strukturunda, fəaliyyətində və beynəlxalq audit ictimaiyyətində Palatanın iştirakı ilə bağlı məsələlərdə dəyişikliklər və yeniliklər barədə danışıb.
Habelə INTOSAI və ASOSAI çərçivəsində iki ölkənin AAQ-ı arasında mövcud əlaqələrə toxunulub və yaxın gələcəkdə bu əlaqələrin və əməkdaşlığın daha sıx və intensiv inkişaf etdirilməsi üçün birgə səylərin göstərilməsi, o cümlədən kənar dövlət maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində gələcəkdə iki qurum arasında bilik və təcrübə mübadiləsi imkanları barədə müzakirələr aparılıb.
Vüqar Gülməmmədov Palatanın ASOSAI-ın Audit Komitəsinə üzv seçilməsi barədə məlumat verib və ASOSAI təşkilatında qabaqcıl AAQ-lardan biri kimi Koreya Audit Şurası ilə əməkdaşlığın yeni səviyyədə daha da inkişaf etdirilməsi və gücləndirilməsi zərurətini qeyd edərək Koreyanın ölkəmizdəki səfirliyi tərəfindən bu istiqamətdə müvafiq dəstəyin göstərilməsinə ümidvar olduğunu bildirib.
Azərbaycan və Koreya arasında yüksək səviyyəli münasibətləri vurğulayan tərəflər iki ölkənin AAQ arasında da fəal və güclü əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini ifadə ediblər.

İqtisadiyyat 2021-09-24 17:09:00