×
A
A
A
Sazlamalar

“Daşınmaz əmlakın kadastrı” dərsliyi çapdan çıxıb

Bakı, 24 sentyabr, AZƏRTAC

“Daşınmaz əmlakın kadastrı” dərsliyi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı elmləri doktoru, professor Ramiz Quliyevin bu yaxınlarda nəşr olunan “Daşınmaz əmlakın kadastrı” dərsliyi ölkədə bu sahədə yazılan ilk dərslikdir. Kitab Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi və aparılması, kadastr məlumatlarının istehsalı, idarə edilməsi məsələlərinə həsr edilib. Dərslikdə daşınmaz əmlakın kadastrının istehsalat prosesinin mərhələləri şərh edilir, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması texnologiyası açıqlanır, daşınmaz əmlakın kadastrı məlumatlarından istifadə sahələri və mexanizmləri göstərilir. Kitabda, həmçinin daşınmaz əmlakın vahid dövlət kadastrının məzmunu və mahiyyəti şərh edilir, daşınmaz əmlakın vahid dövlət kadastrının Milli məkan məlumatları sistemində yeri və rolu açıqlanır.
Dərslik ali təhsil müəssisələrində “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr, həmçinin kadastr, yerquruluşu, torpaq inzibatçılığı sahələrində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.
Qeyd edək ki, sovet dövründə respublikamızda əmlak məsələləri o dövr üçün hakim olan sosialist iqtisadi münasibətlər çərçivəsində tənzimlənirdi. Dövlətin əmlak məsələlərinə dair siyasəti demək olar ki, birmənalı idi. O zamanlar əksər daşınmaz əmlak obyektləri dövlət mülkiyyətinə aid edilirdi.
Azərbaycan Respublikası 1991-ci ildə yenidən müstəqilliyini əldə etdikdən sonra ölkəmiz yeni ictimai-siyasi quruluşa qədəm qoydu. Yeni quruluşda cəmiyyət təbii ki, yeni qanunlarla yaşamalı idi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası torpaq və digər daşınmaz əmlak üzərində dövlət inhisarlığına son qoydu. Bu gün respublikamızın ictimai, iqtisadi münasibətləri uzun illər ölkəmiz üçün qüvvədə olan sosialist əmlak (torpaq) münasibətlərindən tam fərqlidir və yeni əmlak (torpaq) münasibətlərinin formalaşdırılması, tənzimlənməsi, idarə edilməsi fərqli yanaşmalar tələb edir.
Hazırda ölkəmizdə azad, demokratik vətəndaş cəmiyyəti formalaşmaqdadır. Dünya təcrübəsi göstərir ki, vətəndaş cəmiyyətlərində mülkiyyət məsələsi hər zaman gündəmdədir. Belə şəritdə, təbii ki, əmlak (torpaq) məsələlərinə dair siyasətin hazırlanması və həyata keçirilməsi, çoxşaxəli əmlak (torpaq) münasibətlərinin tənzimlənməsi digər ölkələrdə olduğu kimi Azərbaycan hakimiyyətinin də prioritet sahəsinə çevrilir.
“Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Bu “Proqram”da məqsəd Azərbaycanda daşınmaz əmlakın kadastrı sisteminin inkişaf etdirilməsindən, torpaq ehtiyatlarının idarə olunmasının tənzimlənməsi və torpaq münasibətlərinin inkişafı sahəsində dövlət siyasətini və dəstəyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsindən ibarətdir. “Dövlət Proqramı”nın əlaqəndiricisi kimi çıxış edən, sonradan İqtisadiyyat Nazirliyinə birləşdirilmiş Əmlak Məsələləri Dövlət Xidməti öz fəaliyyəti dövründə vəzifəsinin öhdəsindən layiqincə gəlib, Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq mülkiyyət növündən, təyinatından və istifadə xarakterindən asılı olmayaraq ölkədə torpaqların elektron kadastr uçotunun aparılması işi nəzərdə tutulan müddətdə və keyfiyyətdə yerinə yetirilib, torpaqların elektron kadastr uçotu informasiya sistemi formalaşdırılıb, ölkə ərazisinin kadastr xəritəsini tərtibinə nail olunub.

 

İqtisadiyyat 2021-09-24 14:22:00