×
A
A
A
Sazlamalar

ADA Universitetində “İqtisadi artım” dərsliyi təqdim olunub

Bakı, 24 sentyabr, AZƏRTAC
ADA Universitetində “İqtisadi artım” kitabının təqdimatı olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitabın təqdimatında çıxış edənlər Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan iqtisadiyyatının üç dəfədən çox böyüməsini müasir iqtisadi tarixdə nadir hallarda rastlanan hadisə kimi dəyərləndirib. Həmçinin qeyd ediblər ki, milli iqtisadiyyat həm də, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın müzəffər Qələbəsi, postkoflikt quruculuğu, milli təhlükəsizlik və sosial rifahın təmin olunmasında mühüm rol oynayıb.
“İqtisadi artım” kitabında İkinci Dünya müharibəsindən sonra Yaponiya, Cənubi Koreya, Sinqapur, Malayziya və Çində iqtisadi inkişafın təmin olunmasında liderlərin rolu qiymətləndirilib.
Kitaba Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının tövsiyəsinə uyğun olaraq dərslik statusu verilib.
Kitabın müəllifi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, iqtisad elmləri doktoru Vüsal Qasımlıdır. Kitab Azərbaycanın aparıcı korporativ bankı – “PAŞA Bank”ın dəstəyi ilə nəşr edilib.

 

İqtisadiyyat 2021-09-24 13:04:00