×
A
A
A
Sazlamalar

Birinci milli “CEO Award Azerbaijan” müsabiqəsinin qalibləri elan edilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Birinci milli “CEO Award Azerbaijan” müsabiqəsinin səsverməsi yekunlaşıb. Səsvermədə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən yüzdən artıq top-menecer iştirak edib. Eyni zamanda, ilk dəfə olaraq bu cür müsabiqəyə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri qatılıblar. Səsvermənin nəticəsinə görə, 2021-ci il üzrə Azərbaycanın 25 ən tanınmış top-meneceri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
O bildirib ki, bu müsabiqəni bir neçə məqsədlə təşkil etmişik: “Bir çoxumuzun şirkətlərin adları, onların məhsul və xidmətləri, həmçinin təqdim etdikləri brendlər haqqında məlumatı var. Lakin biz çox nadir hallarda biznes simalarını tanıyırıq. Buna görə top-menecerlərin və biznes sahiblərinin bu açıq səsvermədə iştirak etmələri olduqca vacib idi. Həmçinin müasir biznesmenlərin diqqətini sosial şəbəkələrdə aktivliyə yönəltmək istəyirdik. Çünki bu müsabiqədə məhz sosial şəbəkələrdə və KİV-də daha aktiv olan top menecerlər qalib gəliblər”.
Daha sonra Telman Əliyev qeyd edib ki, statistikaya nəzər yetirilsə, müşahidə etmək olar ki, səsverməyə əsasən müsabiqənin ilk iki həftəsində, ön sıralarda olan top-menecerlərin əksəriyyətini xanımlar təşkil edib. Ancaq səsvermənin son iki günündə kişilər Azərbaycanın ən tanınan 25 top -meneceri sıralarında öz mövqelərini qoruyublar. Müsabiqə qaliblərinin demək olar ki, yarısının qadın rəhbərlər olması çox önəmli və vacibdir. “CEO Award Azerbaijan” müsabiqəsinin nəticələri müəyyən bir mesajdır, öz işini qurmaq niyyətində olan və sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olmaq istəyən qadınlar üçün motivasiyadır.
“Yalnız Azərbaycan brendlərinin iştirak etdiyi “Brand Award Azerbaijan”dan fərqli olaraq “CEO Award Azerbaijan”a yerli şirkət nümayəndələri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin top-menecerləri də qatılıblar. Müsabiqə həqiqətən böyük maraqla qarşılanıb. 13 mindən artıq səsverənin iştirakı həm biznesmenlərin, həm də əhalinin bu müsabiqəyə böyük marağının olmasından xəbər verir. Gələn il “CEO Award” müsabiqəsini Qazaxıstan, Rusiya, Gürcüstan, Özbəkistan, Türkiyə, Ukrayna və bir sıra Avropa ölkələrində keçirməyi planlaşdırırıq. “Brand Award International” nümunəsində növbəti ilin sonunda “CEO Award International” müsabiqəsini təşkil edəcəyik”, - deyə o bildirib.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

İqtisadiyyat 2021-09-23 18:53:00