×
A
A
A
Sazlamalar

Bakı Fond Birjasında “TBC Kredit” BOKT MMC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Bakı Fond Birjasında (BFB) “TBC Kredit” BOKT MMC-nin mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədilə “Açılış Zəngi” mərasimi keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, 3 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini “AzFinance İnvestisiya Şirkəti” QSC həyata keçirib. Azərbaycanın qeyri-neft sektorundan olan “TBC Kredit”in istiqraz buraxılışı həyata keçirməsi yerli mütəşəkkil kapital bazarlarının inkişafı üçün xüsusi önəm daşıyır.
BFB-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev “Açılış Zəngi” mərasimini açıq elan edərək “TBC Kredit”in birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib. Qeyd edib ki, həmin istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaq.
Bakı Fond Birjasında tərəfdaş olaraq Listinq Məsləhət Proqramına qoşulan Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) açılış mərasimində iştirak edib, Bank Olmayan Kredit Təşkilatlarının istiqraz buraxılışını müsbət qiymətləndirib və bu istiqamətdə BFB ilə əməkdaşlıqların davamı olacağını qeyd edib.

Maliyyə 2021-09-23 18:00:00