×
A
A
A
Sazlamalar

Vulqar sözlərin aşkarlanması modeli təqdim olunub

Bakı, 23 sentyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında baş mütəxəssis Sabirə Ocaqverdiyevanın “Veb-kontentlərdə vulqar sözlərin aşkarlanması modeli” mövzusunda məruzəsi müzakirə olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. S.Ocaqverdiyeva veb-kontentlərdə vulqar sözlərin aşkarlanması modelinin işlənilməsinə dair yerinə yetirilən işlər haqqında məlumat verib. O, internet istifadəçilərinin bir hissəsinin uşaq və yeniyetmələrdən ibarət olduğunu bildirib. Qeyd edib ki, onların internet mühitində zərərli informasiyadan qorunması aktual problemlərdən biridir. Son dövrlərdə isə sosial şəbəkələr, forumlar, bloqlar və digər rəy mənbələrində söyüş ifadələri, nifrət, terror, qəddarlıq və s. məzmunlu fikirlərlə dolu kontentlərin sayı nəzərəçarpacaq dərəcədə artmaqdadır. Onlayn mühitdə vulqar danışıq, leksikon (söyüş, jarqon, təhqir və s.) uşaq auditoriyası üçün zərərli məzmun hesab edilir. Uşaq və yeniyetmələrin vulqarizmlərlə qarşılaşması müxtəlif mənfi hallara səbəb olur. Belə ki, uşaqlar psixoloji sarsıntı keçirir, özlərini alçaldılmış hesab edir və ya intihara təşəbbüs göstərirlər.
S.Ocaqverdiyeva tədqiqat işində maşın təlimi metodlarından istifadə etməklə vulqarizmlərin aşkarlanması istiqamətində yanaşmanın təklif edildiyini diqqətə çatdırıb. Bu yanaşmanın uşaq və yeniyetmələrin veb-səhifələrdə zərərli məzmundan qorunması, onların internet təhlükəsizliyinin təmin olunması və informasiya mədəniyyətinin formalaşmasına kömək göstərəcəyini vurğulayıb.
Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, veb-kontentlərdə vulqar sözlərin aşkarlanması istiqamətində aparılan tədqiqatın önəmindən söz açıb. Alim tədqiqat işinin elmiliyinin artırılmasının zəruriliyini vurğulayıb, araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə edib.
Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2021-09-23 14:10:00