×
A
A
A
Sazlamalar

Qazaxıstan Azərbaycana aviareysləri bərpa etməyi planlayır

Nur-Sultan, 21 sentyabr, AZƏRTAC

Qazaxıstanda COVID-19-un yayılmasının qarşısını almaq üçün idarələrarası komissiyanın iclasında karantin şərtlərinin yumuşaldılması qərarı qəbul edilib. Qazaxıstan sentyabrın 27-dən etibarən 16 ölkə - Azərbaycan, Rusiya, Türkiyə, BƏƏ, Özbəkistan, Almaniya, Maldiv adaları, Koreya, Polşa, Macarıstan, İtaliya, Çexiya, Şri-Lanka, Çin, Səudiyyə Ərəbistanı və Küveyt ilə aviareyslərin sayını bərpa etmək və artırmaq niyyətindədir.
Qazaxıstan Sənaye və İnfrastruktur İnkişaf Nazirliyindən AZƏRTAC-a verilən məlumata əsasən, Qazaxıstanla Azərbaycan arasında aviareyslərin bərpa olunması üzrə işlər aparılır. Yaxın zamanda bununla bağlı açıqlama veriləcək.
Səhiyyə Nazirliyi ölkədə epidemioloji vəziyyətin sabitləşdiyini, son 2 həftə ərzində xəstələnmə və ölüm səviyyəsinin 60 faiz azaldığını bildirib.
Həmçinin əhalinin yüksək səviyyədə peyvənd olunduğu 30 xarici ölkənin - İtaliya, Hollandiya, Fransa, Almaniya, İspaniya, Yaponiya, BƏƏ, Ərəbistan, Küveyt, Polşa Danimarka, Çili, Macarıstan, Koreya, Çexiya, Bəhreyn, Qətər, Monako, Kipr, İslandiya, Finlandiya, Malta, İsveç, Portuqaliya, Lixtenşteyn, Slovakiya, Lüksemburq, Kanada, Sinqapur və Belçika vətəndaşlarının Qazaxıstana girişi üçün vizasız rejimin yenilənməsinə də qərar verilib.

 

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Nəqliyyat 2021-09-21 19:46:00