×
A
A
A
Sazlamalar

Ərəb enerji portalı TAP boru kəmərinin artan əhəmiyyətindən yazıb

Qahirə, 21 sentyabr, AZƏRTAC

Ərəb dünyasının vahid enerji portalı olan “Attaqa.net” Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəmərinin (TAP) artan əhəmiyyətindən yazıb.
AZƏRTAC xəbər verir ki, portalın analitik məqaləsində Azərbaycanın TAP vasitəsilə Avropaya 5 milyard kubmetrdən artıq təbii qaz nəql etdiyi, bunun böyük nailiyyət olduğu və bu boru xəttinin qitədə əhəmiyyətinin artdığı vurğulanır. Yazıda diqqətə çatdırılır ki, indiyədək nəql edilən mavi yanacağın həcmi TAP-ın illik 10 milyard kubmetrlik gücünün yarısına bərabərdir.
İtaliyanın 8 milyard kubmetr təbii qaz alınmasına dair kontrakt imzaladığı qeyd edilən məqalədə qaz kəmərinin idarəedici direktoru Luka Şiepattinin fikirləri sitat gətirilir: “Biz bu mühüm uğura nail olmağımıza çox sevinirik. Avropanın enerji arenasında Trans Adriatik Boru Kəmərinin etibarlı operator kimi rolunu daha da artırmışıq”.
Ərəb enerji portalının məqaləsində bildirilir ki, TAP-ın illik gücünü artırmaqla, təbii qazın başqa Avropa ölkələrinə də nəqli mümkün ola bilər. Ekspertlərinə rəyinə görə, bu boru kəməri ilə ildə 20 milyard kubmetr qaz nəql etmək olar. Belə olan halda, Qərbi Balkan ölkələrinə də Azərbaycan təbii qazı tədarük ediləcək.
Məqalədə TAP-ın Avropanın enerji təhlükəsizliyində mühüm rolu, Cənub Qaz Dəhlizi haqqında da ətraflı məlumat verilir.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

İqtisadiyyat 2021-09-21 18:48:00