×
A
A
A
Sazlamalar

Yeni tədris ilinin başlanması ilə əlaqədar işıqforlarda “yaşıl dalğa” tətbiq ediləcək

Bakı, 21 sentyabr, AZƏRTAC

Yeni tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq əvvəlcədən qabaqlayıcı tədbirlərin icrasına başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda, rahat çatması məqsədilə bir sıra tapşırıqlar verilib. Daşıyıcılara gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslararası intervalın sərnişin axınına uyğun tənzimlənməsi, eləcə də tələbat olan xətlər üzrə avtobus sayının artırılması tapşırılıb. Sürücülərin hərəkət cədvəlinə, yol hərəkəti və sərnişindaşıma qaydalarına riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb. Tapşırıqların icrasına nəzarət məqsədilə səhər və axşam pik saatlarında sərnişindaşımalara nəzarət artırılacaq, bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədilə işıqforlarda “yaşıl dalğa” tətbiq ediləcək.
Nəzərdə tutulan tədbirlərin səmərəli olması üçün hərəkət iştirakçılarına anlayışlı olmaq, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etmək tövsiyə olunur. Övladlarını şəxsi nəqliyyat vasitəsilə məktəbə aparan valideynlərdən xahiş edilir ki, avtomobillərini təhsil müəssisələrinin ətrafında qadağan olunan yerdə park edərək digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bildirilir ki, bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.
Qeyd edilənləri nəzərə alaraq, vətəndaşlar mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırılır.
Yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin ətrafında piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində də müvafiq işlər görülür. Eyni səviyyəli piyada keçidləri yenidən boyanır, zəruri olan yerlərdə piyada keçidlərində sarı döyünən işıqlar quraşdırılır, asfalt üzərinə “Yavaş Məktəb” xəbərdarlığı qeyd edilir. Həmçinin paytaxtda ilk dəfə olaraq xüsusi qabarıq piyada zolağı yaradılıb. Piyada zolağı Bakı Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində 146 nömrəli tam orta məktəbin qarşısında təşkil edilib.

 

Nəqliyyat 2021-09-21 18:57:00