×
A
A
A
Sazlamalar

Qeyri-neft sektoruna aid özəl şirkətlərdə 745 minə yaxın əmək müqaviləsi bağlanıb

Bakı, 21 sentyabr, AZƏRTAC

2021-ci il sentyabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində 744 min 804 əmək müqaviləsi bağlanıb.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu, əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 204 min 882 əmək müqaviləsi çoxdur.
Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.
Həmçinin qeyd olunub ki, sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.

İqtisadiyyat 2021-09-21 11:52:00