×
A
A
A
Sazlamalar

Narkotik vasitələrinin qaçaqmalçılığı ilə mübarizə İrana baha başa gəlir

Tehran, 15 sentyabr, AZƏRTAC

Əfqanıstandan gətirilən narkotik vasitələr İran ərazisindən Avropaya daşınır. Narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizə İrana çox baha başa gəlir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran parlamentinin milli təhlükəsizlik komitəsinin sədri Vahid Cəlalzadə Danimarkanın Tehrandakı səfiri Yesper Vahr ilə görüşündə deyib. O bildirib ki, Avropa İttifaqı qaçaqmalçılıqla mübarizədə İrana yardım etməyə söz versə də, buna əməl etməyib.
Qeyd edək ki, Əfqanıstandan narkotik vasitələr qaçaqmalçılıq yolu ilə İrana, buradan isə Türkiyə və Avropaya daşınır. Hər il İran polisi və sərhəd xidmətinin əsgərləri 10 min tondan çox narkotik vasitə müsadirə edirlər. Qaçaqmalçılıqla mübarizədə ildə təxminən 4-7 polis əməkdaşı həlak olur. Silahlı narkotik qaçaqmalçıları İran sərhədini qanunsuz və silahlanaraq keçməyə çalışırlar. İranın Şərq sərhədlərində vəziyyəti nəzarət altına almaq üçün hökumət külli miqdarda vəsait xərcləyir. Hazırda iqtisadi sanksiyalar altında olan İran bu mübarizədə əziyyət çəkir. Ölkə iqtisadiyyatı sanksiyalar ucbatından çətin durumdadır. Maddi çətinliklər var ki, bu da narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizənin səmərəsini azaldır. Bu səbəbdən də İran Avropa İttifaqından verdiyi vədi yerinə yetirməyi və narkotik vasitələrin Avropaya daşınmasının qarşısının alınmasında yardım etməyi istəyir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2021-09-15 01:55:00