×
A
A
A
Sazlamalar

Ticarət nümayəndəsi: Azərbaycanla Rusiya arasında ticari-iqtisadi əlaqələr artır

Moskva, 14 sentyabr, AZƏRTAC

Azərbaycanla Rusiya arasında ticari-iqtisadi əlaqələr artmağa yönəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev “Heimtextile-2021” beynəlxalq sərgisində bildirib.
“Əlbəttə ki, iqtisadi əlaqələrin inkişafını dayandıran son pandemiya ili nəzərə alınmamalıdır. Amma bundan əvvəl hər il Azərbaycan məhsullarının Rusiya Federasiyasına ixracının artımını, eləcə də ticarət dövriyyəsinin çoxalmasını müşahidə edirdik. Son səkkiz ayda Azərbaycan məhsullarının Rusiyaya ixracının həcmi artmaqdadır. Rusiya biznesi Azərbaycana fəal şəkildə cəlb olunur”, - deyə ticarət nümayəndəsi qeyd edib.
R.Əliyev ticarət və iqtisadi əlaqələrin populyar istiqamətləri arasında Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracını qeyd edib.
“Digər istiqamətlərə gəldikdə, bugünkü sərgi bunun bariz nümunəsidir. Azərbaycan “Heimtextile-2021” sərgisində ilk dəfə iştirak edir. Ondan əvvəl ayrı-ayrı istehsalçılar məhsullarını təqdim edirdilər, bu gün isə biz "Made in Azerbaijan" vahid stendi altında birləşdik. Sərgidə ilk dəfə olaraq əl işi xalça istehsalçısı “Azərxalça” dövlət konserni iştirak edir”, - deyə R.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın tekstil sənayesi Rusiya bazarına yeni çıxır.
“Düşünürəm ki, bizim çox böyük perspektivlərimiz var. Azərbaycanlı istehsalçılar ilə danışıqlar aparan və artıq müqavilə bağlayan Rusiya idxalçıları məhsullarımızı yüksək qiymətləndiriblər. Burada əsas rolu Rusiya istehlakçısı oynayır. Azərbaycan tekstili ilə qarşılaşdıqdan sonra satılan məhsulların həcmi də uğurumuzun göstəricisinə çevriləcək", - deyə ticarət nümayəndəsi sözünü yekunlaşdırıb.

 

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

İqtisadiyyat 2021-09-14 21:40:00