×
A
A
A
Sazlamalar

Xarici İşlər Nazirliyinin rəhbər heyətinin və ölkəmizin diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi və nazir müavinləri, xüsusi tapşırıqlar üzrə səfirlər, Xarici İşlər Nazirliyinin aidiyyəti struktur bölmələrinin və diplomatik nümayəndəliklərimizin rəhbərlərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, müşavirənin əsas məqsədi cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlərdə ölkəmizin səmərəli iştirakının təmin olunması ilə bağlı müzakirələrin aparılmasından ibarət olub.
Ceyhun Bayramov sentyabrdan etibarən bir sıra beynəlxalq təşkilatlarda tədbirlərin keçiriləcəyini və bu xüsusda payız aylarının Xarici İşlər Nazirliyinin təqvimində önəmli yer tutduğunu qeyd edib. Nazir ölkəmizin həmin tədbirlərdə layiqincə təmsil olunmasının, lazımı səviyyədə və fəal iştirakın təmin edilməsinin əhəmiyyətini, habelə bu məqsədlərə nail olmaq üçün müvafiq əlaqələndirmə işlərinin gücləndirilməsinin və bütün imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıb.
Müşavirədə Azərbaycanın beynəlxalq təşkilatlar yanında diplomatik nümayəndəliklərinin rəhbərləri çıxış edərək qarşıdan gələn tədbirlər, həyata keçirilən hazırlıq işləri ilə bağlı təkliflərini səsləndiriblər.

Xarici siyasət 2021-09-09 19:55:00