×
A
A
A
Sazlamalar

Fransada meşə yanğınları səbəbindən minlərlə insan təxliyə olunub

Bakı, 17 avqust, AZƏRTAC

Fransanın cənub-şərqində yerləşən Var departamentində güclü meşə yanğınları səbəbindən minlərlə insan təxliyə olunub.
AZƏRTAC KİV-lərə istinadla xəbər verir ki, bu barədə departament prefekturasının “Twitter” hesabında yerləşdirilən məlumatda deyilir.
“Yanğınsöndürənlər meşə yanğınlarının sürətlə yayılması səbəbindən, əsasən də çox sayda turistin dincəldiyi Sen-Trope rayonundakı kempinq və evlərdən minlərlə insanı təxliyə edib. Təxliyə olunanlar müvəqqəti sığınacaqlara yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Yanğınsöndürmə xidmətinin məlumatına əsasən, indiyə qədər Qonfaron şəhəri rayonunda 4 min hektardan çox meşə sahəsi yanıb. Fransanın bu regionunda ardıcıl olaraq bir neçə gündür ki, güclü istilər hökm sürür - temperatur 40 dərəcədən aşağı düşmür.
Yanğınla mübarizəyə 750 yanğınsöndürən, doqquz təyyarə və üç helikopter cəlb olunub. Fransanın daxili işlər naziri Jerald Darmanen Var departamentində yanğınla mübarizə və xilasetmə əməliyyatlarını nəzarətə götürdüyünü elan edib.

Dünya 2021-08-17 12:41:00