×
A
A
A
Sazlamalar

“Kütləvi dini mərasimlər: ictimai təhlükəsizliyin təmin olunması” mövzusunda videokonfrans keçirilib

Bakı, 13 avqust, AZƏRTAC
Avqustun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Kütləvi dini mərasimlər: ictimai təhlükəsizliyin təmin olunması” mövzusunda videokonfrans keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, videokonfransda Prezident Administrasiyası, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Qafqaz Müsəlmanları İdarəsinin məsul şəxsləri, Lənkəran şəhəri, Salyan, Cəlilabad, Neftçala, Biləsuvar, Astara, Lerik, Yardımlı və Masallı rayonları üzrə icra hakimiyyəti orqanları, o cümlədən sözügedən orqanların yerli strukturlarının nümayəndələri, din xadimləri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov videokonfransın aktual mövzuya həsr edildiyini, digər illərdən fərqli olaraq bu il də Aşura mərasiminin pandemiya ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi mövcud qaydalara əsasən həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Səyavuş Heydərov təəssüflə qeyd edib ki, dini ayinlərin, mərasimlərin təşkilinə də təsir edən pandemiya şəraitində ibadətlərin dövrün tələblərinə uyğun həyata keçirilməsinə bəzi qüvvələr başqa don geyindirməyə çalışırlar. Maraqlı dairələrin əlində alətə çevrilmiş, xurafata meyilli şəxslər sağlamlığa yönəlmiş məhdudiyyətlərin İslama qarşı olduğunu iddia edirlər. Vətəndaşlarımızın sağlamlığının təhlükə altında olduğu dövrdə atılan zəruri addımlara bu cür münasibət qərəzli olmaqla yanaşı, hansısa qruplaşmaların və ya fərdlərin öz maraqlarını din adından istifadə edərək həyata keçirməyə cəhd etmələri dinin özünə də zərbə vurur.
Komitə rəsmisi qeyd edib ki, Azərbaycanda dinə, milli-mənəvi, tolerant dəyərlərə münasibət, eləcə də diqqət və qayğı həmişə yüksək olub.
Ulu öndərimiz Heydər Əliyevin qoyduğu yolun davamı olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva vətəndaşların ölkədə dini etiqad azadlığını həyata keçirmələri üçün bütün şəraitin yaradılması, məscidlərin, ziyarətgahların tikilməsi, təmir-bərpası, dini icmalar və din xadimlərinin fəaliyyətinin dəstəklənməsi məsələlərini prioritet kimi müəyyənləşdiriblər. Dövlətin uzun illər dini icmalarla multikulturalizm və tolerantlıq prinsipləri əsasında həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün ölkəmizdə dini həmrəylik ən yüksək səviyyədə təzahür edir. Bunun nəticəsini real olaraq 44 günlük Vətən müharibəsində gördüyümüzü vurğulayan sədr müavini dövlətimizin vaxtında gördüyü tədbirlər, atdığı lazımi addımlar və milli-dini həmrəyliyimiz sayəsində Ermənistanın münaqişəni dini motivə çəkmək cəhdlərinin də iflasa uğradığını deyib.
Çıxışında din və elmin vəhdətinin zəruriliyinə də toxunan S.Heydərov söyləyib ki, dini inancın elmi təfəkkürlə əlaqəsi çox mühüm məsələlərdən biridir. Elmi texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə hər bir dəyər elmlə uzlaşmalıdır. Xurafat elementləri, məzhəbçilik ideyaları və siyasiləşdirilmiş dinin daşıyıcıları dinimizin düşmənləridir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Qədir Məmmədov çıxış edərək bildirib ki, builki Məhərrəm ayı ilə bağlı tədbirlərə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi ilə əldə edilən Qələbədən doğan qürur hissi əlavə olunub. Qədir Məmmədov, həmçinin məsul qurumların əməkdaşları, eyni zamanda, din xadimlərinin Məhərrəm ayında keçiriləcək mərasimlərin yüksək səviyyədə təşkili ilə bağlı üzərlərinə düşən vəzifələr və görülən işlər barədə də ətraflı məlumat verib.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev pandemiya şəraitində dini mərasimlərin həyata keçirilməsi tələblərini diqqətə çatdıraraq Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadət və mərasimlərin karantin qaydalarına uyğun olaraq keçirilməsinin vacibliyini vurğulayıb. O, bu istiqamətdə dini icmalar, din xadimləri, eyni zamanda, dindarlarla izahedici profilaktik söhbətlərin aparıldığını, müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirildiyini bildirib. Mərasimlərin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlaması ilə əlaqədar müraciətində öz əksini tapan tövsiyələr və Operativ Qərargahın müəyyən etdiyi qaydalar əsasında baş tutmasının zəruriliyini qeyd edib.
Çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Vəfadar Əliyev keçirilən konfransın aktuallığına toxunaraq bildirib ki, istər dini, istər digər təmayüllü kütləvi tədbirlər təşkil olunan zaman buradakı insanların idarə olunması üçün 2 cür – “kütlə” və “cəmiyyət” yanaşmaları mövcuddur. Din xadimləri məhz “cəmiyyət” təfəkkürünü əsas götürərək, insanların təhlükəsizliyinin təmin edilməsi və ictimai sabitliyin qorunmasına öz töhfələrini əsirgəməməlidir. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin Məhərrəm ayı ilə bağlı ruhanilərə tövsiyələrindən də bəhs edən şöbə müdiri, bölgə qazılarına öz işlərini daim DQİDK və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqəli şəkildə həyata keçirmələrinin tapşırıldığını vurğulayıb.
Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Mübariz Camalov isə İslamın elmə verdiyi dəyər haqqında danışaraq “Qurani-Kərim”in bir neçə ayəsindən sitat gətirib. İslamın düşüncə, bilmə tərəfdarı olaraq ortaya çıxdığını, qarşısına cəhaləti aldığını bildirən prorektor qeyd edib ki, dinimiz cəhalətə qarşı mübarizəni düşüncə ilə aparıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov eyni dinin nümayəndələrinin müxtəlif ölkələrdə fərqli baxışlara malik olmasından danışıb. O bildirib ki, son illər radikal, fanatik dini baxış yürüdən bəzi ölkələrin əksinə, Azərbaycan İslam dininin sevgi və irfan tərəflərini üzə çıxardır. 44 günlük Vətən müharibəsində şahid olduq ki, işğaldan azad olunan torpaqlarımızda hərbi qulluqçuların ilk getdikləri yerlərdən biri həmin bölgələrdəki məscidlər idi. Həmin vaxt sırf əsgərlərimizin öz istəyi, təşəbbüsü ilə Şuşadakı Gövhərağa məscidində qılınan Vəhdət namazı Azərbaycanın İslam dəyərlərini də özündə ehtiva edən çox böyük bir mədəniyyətin daşıyıcısı olduğunu bir daha sübut etdi. İslamda mərasimlər məsələsinə də toxunan icraçı direktor dinin siyasiləşməsinin, hər hansı insanların və ya qrupların əlində alətə çevrilməsinin yolverilməz olduğunu vurğulayıb.
Videokonfrans müzakirələrlə öz işini yekunlaşdırıb.

Din 2021-08-13 19:56:00