×
A
A
A
Sazlamalar

Mehman İsmayılov: Azərbaycan–Türkiyə qardaşlığı dəfələrlə ən çətin sınaqlardan uğurla çıxıb

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan – Türkiyə qardaşlığı dəfələrlə ən çətin sınaqlardan çıxıb. Ötən il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatından sonra başlayan Vətən müharibəsi zamanı da Türkiyə sona qədər Azərbaycanın yanında oldu və siyasi- mənəvi dəstəyini bir anlıq da olsun əsirgəmədi. Hətta Vətən müharibəsindən qalib çıxan ölkəmizin keçirdiyi Zəfər paradında hər iki qardaş ölkənin rəhbərləri – Azərbaycan və Türkiyə prezidentləri yanaşı dayandılar. Bu, iki ölkə arasında dostluq və qardaşlığın danılmaz nümunəsi idi.
Bunu AZƏRTAC-a açıqlamasında FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bildirib.
Mehman İsmayılov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə tədbirlərini uğurla davam etdirirlər. Türkiyədə yanğınlar başlayan gündən respublikamız öz köməyini əsirgəmir, yanğınsöndürənlərimiz çətin mübarizədə türk qardaşlarımızla bir yerdədir. FHN-in yanğın-xilasetmə qüvvələri bütün qüvvəsini səfərbər edərək yanğın ocaqlarımızın söndürülməsi istiqamətində təxirəsalınmaz əməliyyatlar aparır. Türkiyədə davam edən meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün Azərbaycandan göndərilən yanğınsöndürənlər qardaş ölkədə böyük sevgi ilə qarşılanıb. FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev keçirdiyi mətbuat konfransında öncə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qardaş Türkiyədə baş verən yanğınlar nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdiyini, yaralıların tezliklə şəfa tapmasını arzuladığını xatırladıb. Sonra nazir müavini dövlətimizin başçısının tapşırığına uyğun olaraq qardaş Türkiyə Respublikasına gələn Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin fəaliyyəti və əldə edilən nəticələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, əsasən, mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilən yanğından mühafizə və yanğınsöndürmə əməliyyatları zamanı yerli qüvvələrlə birgə fəaliyyət göstərilib. FHN-in yanğınsöndürmə və xilasetmə bölmələri əməliyyat şəraitini tam nəzarətə götürmək məqsədilə gecə saatlarında da fəaliyyətlərini davam etdirirlər.
FHN işçilərinin Həmkarlar İttifaqının sədri bildirib ki, Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələri, ümumilikdə, Türkiyənin 14 yaşayış məntəqəsində uğurla fəaliyyət göstərirlər. Yanğınsöndürmə əməliyyatlarına cəlb edilən FHN-ə məxsus “BE-200ÇS” tipli amfibiya təyyarəsi 76 dəfə uçuş həyata keçirməklə yanğın sahələrinə 615 ton, helikopter isə 134 dəfə uçuş həyata keçirməklə 332 ton su töküb. Türkiyə mediası azərbaycanlı yanğınsöndürənlərin fədakarlığından bəhs edən silsilə məqalələr dərc edir. “Bizim.Media”, “ CNN Türk” telekanalı, “Türkiyə” , “Sabah” və “Takvim” qəzetlərində, o cümlədən digər media resurslarında azərbaycanlı yanğınsöndürənlərin əməyi yüksək qiymətləndirilib. Həmçinin Azərbaycanın çətin zamanlarda yanında olan Türkiyəni meşə yanğınlarında yalnız buraxmadığı vurğulanır. Məqalələrdə yanğınsöndürənlərimizin doğma Vətəndəki kimi çalışdıqları xüsusi qeyd edilib: “Türkiyə Qarabağda qardaşlarını yalnız buraxmadı, Azərbaycan heyəti də Egeydə yanğınların üzərinə atıldı, iki ölkənin qardaşlığını yenidən təsdiqlədi”. “Türkiyə” qəzeti yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev meşə yanğınlarında dəstək üçün qardaş ölkəyə 93 yanğınsöndürən maşın, bir helikopter və 710 nəfərlik heyət göndərib.
Ümumilikdə, hazırda qardaş ölkədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter meşə yanğınlarının söndürülməsinə cəlb olunub.
FHN-nin yanğın-xilasetmə qüvvələri təhlükənin qarısının alınması istiqamətində təxirəsalınmaz əməliyyatları davam etdirirlər.

Daxili siyasət 2021-08-12 11:40:00