×
A
A
A
Sazlamalar

Erməni silahlılarının Şərqi Anadoluda törətdiyi qətliamlar Avropada anladılacaq

Vyana, 5 avqust, AZƏRTAC

Avstriyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyət və İş Adamları Dərnəyi (AZER-DER) ötən əsrin əvvəllərində Şərqi Anadoluda erməni silahlıları tərəfindən qətliamlarla əlaqədar sənədli film hazırlayacaq.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə dərnəyin rəhbəri Yardım Güneş Türkiyənin İğdır və digər bölgələrində araşdırmalar aparıldığını bildirib. Qeyd edilib ki, erməni terror qruplaşmalarının həmin ərazilərdə törətdiyi qırğınları dünya ictimaiyyətinə çatdırmaq üçün fəaliyyətlər davam edir. Bu məqsədlə qırğınların izi ilə hərəkət edən çəkiliş qrupu filmdə qətlə yetirilənlərin ailə üzvlərinin xatirələrinə geniş yer verəcəklər.
Bildirilib ki, xüsusilə Avropa ictimaiyyətində erməni diasporunun və onların havadarlarının uydurmaları əsasında yanlış təsəvvürlər formalaşıb. Hər il aprel ayının 24-ü ərəfəsində səs-küy salan erməni diasporu bir sıra ölkələrin bu mövzuda siyasi dəstəyini də təmin edib və əsl həqiqətin nədən ibarət olmasını nümayiş etdirmək üçün bu kimi sənədli filmlərə böyük ehtiyac vardır.
Y.Günəş, həmçinin qeyd edib ki, sənədli film üslubunda hazırlanan televiziya verilişi Avropada telekanallarda nümayiş etdiriləcək və eyni zamanda, saxta erməni iddialarına qarşı seminar və konfranslar təşkil ediləcək.
İğdırın Hakmetmet kəndinin sakini Mikail Ud isə qeyd edib ki, erməni dəstələri onun kəndinin tam bir nəslini yer üzündən silib. O, Birinci Dünya müharibəsi illərində baş verən hadisələr barədə əsl həqiqətin Avropa ictimaiyyətinə çatdırılmasının önəmli olduğunu bildirib: “Hər il kəndimizdəki toplu məzarın olduğu xatirə kompleksində anım tədbirləri keçirilir. Lakin təəssüflə bildirmək istəyirəm ki, erməni dəstələrinin keçmişdə burada törətdiyi qətliamlar ölkəmizin və dünyanın gündəmində yer almır”.
Bildirilib ki, həmin qanlı hadisələr barədə dünya ictimaiyyətinin dolğun şəkildə məlumatlanması vacibdir və bu kimi sənədli film üslubunda çəkilişləri gələcəkdə də davam etdirmək arzu olunur.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

 

Diaspor 2021-08-04 22:34:00