Qarabağa səfər edən misirli jurnalist məqalə ilə çıxış edib
Qahirə, 1 avqust, AZƏRTAC
Qarabağa səfər edən misirli jurnalist Hüssam Əbdül Alim “Əxbar Əl Yom” qəzetində “Azərbaycan hərb libasını çıxarır və bərpa-quruculuq işlərinə başlayır” sərlövhəli məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycana səfəri zamanı xalqımızın adət-ənənələrini və mədəniyyətini yaxından öyrəndiyini qeyd edən müəllif ölkəmizin coğrafi mövqeyi, keçmişi və müasir iqtisadi inkişaf dövrü, zəngin təbii sərvətləri, həyata keçirdiyi transmilli neft-qaz və kommunikasiya layihələri haqqında məlumat verir.
Səfər zamanı Qarabağda aldığı təəssüratları bölüşən misirli jurnalist yazır: “Azərbaycan xalqının nikbin əhval-ruhiyyədə olduğunu, 44 günlük müharibədə ərazilərini azad etmiş insanların qurub-yaratmaq əzmini müşahidə etdim. Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənəddən sonra rəsmi Bakı bərpa-quruculuq işlərinə başlamaq üçün haqlı olaraq qarşı tərəfdən minalanmış ərazilərin xəritələrini tələb edir. Ermənistan isə yalnız üç rayonun xəritələrini təqdim edib. Prezident İlham Əliyev hərbi münaqişənin bitdiyini və regionda sülhün bərqərar olmasının vaxtı çatdığını bəyan edib”.
Qarabağın dağlıq ərazisinin, xüsusən Azərbaycanın və Cənubi Qafqazın mədəniyyət incisi olan Şuşa şəhərinin əlverişli coğrafi mövqeyini təsvir edən müəllif, həmçinin Ağdamda ermənilər tərəfindən dağıdılmış məscidlər, muzeylər, tarixi abidələr və infrastruktur abidələrindən bəhs edib. O əlavə edib ki, Azərbaycan hökuməti tezliklə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasını və bu səfalı yerlərin turizm məkanına çevrilməsini nəzərdə tutur.
Məqalədə Azərbaycan xalçaçılıq sənəti və milli mətbəximizdən də söz açılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
AŞPA-nın həmməruzəçiləri bölgədəki mövcud vəziyyət barədə məlumatlandırılıb
Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb
Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb