×
A
A
A
Sazlamalar

Deputat: Bölgələrin inkişafı, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin qərb bölgəsinə səfəri zəngin proqramı, eyni zamanda, bir çox mühüm məqamları ilə yadda qaldı. Dövlətimizin başçısının səfəri, ilk növbədə, onu göstərir ki, Azərbaycanda postmüharibə və pandemiya dövrü olmasına rəğmən, heç bir sosial, iqtisadi layihə təxirə salınmayıb. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə yanaşı, digər şəhər və rayonlar da ölkə rəhbərinin diqqəti mərkəzindədir. Respublikanın hər bir bölgəsinin inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Görülən kompleks tədbirlər nəticəsində hər bir rayon və şəhərimiz uğurla inkişaf edir, əhalinin sosial rifah halı getdikcə yaxşılaşır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov söyləyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin ölkəmizin qərb bölgəsinə səfəri görülən işlərin, həyata keçirilən tədbirlərin hər bir sahəni əhatə etdiyini göstərir. Dövlətimizin başçısı Daşkəsən rayonunda “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti və Daşkəsən şəhərinin yenidən qurulan su təchizatı və kanalizasiya sistemləri üzrə görülən işlərlə tanış olması, Naftalan Mərkəzi Sanatoriyasının, Naftalan şəhərində yeni istifadəyə verilmiş 200 yerlik körpələr evi-uşaq bağçasının, Goranboy Olimpiya İdman Kompleksinin və Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışlarında iştirak etməsi deyilənlərə əyani sübutdur. Bütün bunlar Azərbaycan vətəndaşının iş və yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət göstərir, insanların rahatlığını təmin edir.
C.Osmanovun sözlərinə görə, istehsal sahələri və turizm sektoruna göstərilən diqqət, eyni zamanda, ölkə vətəndaşlarının işlə təminatı sahəsində xüsusi rol oynayır. Tədris və idman sahəsinə olan dövlət qayğısı isə yetişən gənc nəslin sağlam böyüməsinə, yüksək səviyyədə təlim-tərbiyə almasına xidmət edir. Bundan əlavə, ölkənin hər bir bölgəsində yol-nəqliyyat infrastrukturunun ən müasir standartlar səviyyəsində yenidən qurulması insanların həyat səviyyəsinin yüksəldilməsi və rahatlığının təmin edilməsinə hədəflənib. Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkənin regionlarına səfərləri həmin bölgələrin inkişafında yeni mərhələnin başlanması deməkdir. Dövlətimizin başçısının respublikamızın şəhər və rayonlarına hər səfəri əhali tərəfindən böyük sevinc və rəğbət hissləri ilə qarşılanır.
YAP-ın İdarə Heyətinin üzvü vurğulayıb ki, Prezident İlham Əliyevin ölkənin qərb bölgəsinə səfəri iki diqqətçəkən məqamla da yadda qaldı. Birincisi, Daşkəsəndə Şəhidlər xiyabanının ziyarət edilməsi, digəri isə Gəncə şəhərində Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olması idi. Bu, bir daha sübut edir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımız hər zaman dövlətin, dövlətimizin başçısının diqqət mərkəzindədirlər. Prezident İlham Əliyevin səfərləri xarici mediada da geniş işıqlandırılır və bu, eyni zamanda, dünya ictimaiyyətinin diqqətinin Azərbaycan həqiqətlərinə cəlb edilməsi deməkdir.
“Azərbaycan uzun illərdir ki, erməni terrorundan əziyyət çəkir. Vətən müharibəsi günlərində döyüş meydanında ağır məğlubiyyətlə üzləşən Ermənistan müharibə cinayətlərinə əl ataraq döyüş zonasından yüzlərlə kilometr uzaqda yerləşən şəhər və rayonlarımıza qadağan olunmuş raketlərlə zərbələr endirir, gecə ikən evlərində yatan mülki əhaliyə qarşı terror aktları törədirdilər. Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı amansız müharibə aparması, mülki əhalini qətlə yetirməsi, yaşayış məntəqələrini dağıtması, infrastruktura, əhalinin mülkiyyətinə böyük ziyan vurması təkcə azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş qanlı terror aktları kimi qəbul edilməlidir”, - deyə C.Osmanov bildirib.
Deputat vurğulayıb ki, Azərbaycan hər zaman bölgədə sülh və davamlı təhlükəsizliyin bərqərar olmasının tərəfdarıdır. Artıq münaqişə də başa çatıb və işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli bərpa-yenidənqurma işləri başlayıb. Dünya təcrübəsindən də bəllidir ki, postmünaqişə dövrü heç də hər zaman rahat keçmir, lakin Azərbaycan qalib ölkə olaraq sülh və təhlükəsizlik naminə regionda nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır. Nəqliyyat kommunikasiyalarının açılması və ən müasir standartlar əsasında həyata keçirilən yenidənqurma-bərpa işləri işğaldan azad edilmiş ərazilərimizi - Qarabağ və Şərqi Zəngəzuru dünyanın ən inkişaf etmiş bölgələrinə çevirəcək. Bunun üçün Azərbaycan Prezidentinin siyasi iradəsi, dövlətimizin iqtisadi imkanları, ən əsası güc və birlik rəmzi olan “dəmir yumruğ”umuz var.

Cəmiyyət 2021-07-25 17:14:00