×
A
A
A
Sazlamalar

Deputat: İcra olunacaq layihələr ölkəmizi böyük turizm mərkəzinə çevirəcək

Bakı, 25 iyul, AZƏRTAC

Goranboy, Naftalan, Daşkəsən rayonlarına səfəri zamanı Prezident İlham Əliyev bir sıra obyektlərin açılışında iştirak etdi. Postmüharibə dövründə Ermənistanla sərhəddə yerləşən bu rayonların infrastrukturunun inkişafı, sosial–iqtisadi vəziyyətinin yaxşılaşdırılması dövlətimizin siyasətinin əsas prioritetlərindəndir. Adıçəkilən rayonlarda indiyədək bir sıra mühüm layihələr icra edilib.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat qeyd edib ki, qeyri–neft sektorunun inkişafını qarşıya hədəf qoyan dövlətimiz hazırda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində son dərəcə mühüm işlər görür. Qeyri–neft sektorunun inkişafı ilə bağlı təhlillər aparılarkən kənd təsərrüfatı ilə yanaşı, dağ–mədən sənayesinin inkişafının vacibliyi də xüsusi vurğulanır. Xüsusilə torpaqlarımızın işğaldan azad edilməsindən sonra dağ-mədən sənayesi respublikamızın qeyri-neft sektorunda aparıcı sahəyə çevriləcək. “Düşünürəm ki, yaxın gələcəkdə ölkəmizdə qızıl və digər qiymətli metalların hasilatı istiqamətində böyük işlər aparılacaq ki, bu da iqtisadi potensialın yüksələn xətlə inkişafında xüsusi əhəmiyyət daşıyacaq. Dövlətimizin başçısı Daşkəsəndə olarkən dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planların olduğunu və bunun çox böyük gəlir gətirən sahə olacağını qeyd edib. Təbii ki, bu, həm də yeni iş yerlərinin açılması və idxaldan asılılığın azalması deməkdir. Həmçinin Naftalan və Suqovuşanın vahid bir turizm məkanında birləşdirilməsi, Göygölün də turizm mərkəzi kimi Kəlbəcərin gələcək turist mərkəzləri ilə bağlanması ölkəmizdə turizmin inkişaf etdirilməsi sahəsində perspektiv planların mühüm tərkib hissəsi olacaq. İcra olunacaq layihələr ölkəmizi böyük turizm mərkəzinə çevirəcək”, - deyə deputat bildirib.
M.Cəfərov vurğulayıb ki, hazırda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yeni perspektivləri açılmaqdadır. Uzun müddət ərzində neft-qaz sektorunun inkişafına böyük investisiyalar qoyulub və bu sahəyə böyük diqqət yetirilib. Artıq neft–qaz sahəsində yeni layihələri davam etdirməklə yanaşı, digər sahələrə də investisiyaların cəlb edilməsi və onların inkişafı istiqamətində ciddi addımlar atılmaqdadır. Dağ–mədən sahəsində Daşkəsənlə yanaşı, işğaldan azad edilmiş rayonların da böyük potensialı var. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, 30 il ərzində Şərqi Zəngəzurun müxtəlif rayonlarında Azərbaycanın təbii sərvətlərini talan edən Ermənistan və bir sıra xarici şirkətlər sözsüz ki, bu qanunsuz əməllərinə görə cavab verəcəklər. Bununla bağlı faktlar toplanıb və müvafiq tədbirlər görüləcək.
“Torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycan qarşısında həm də yeni iqtisadi imkanlar açılıb. Müharibədən sonra qısa müddət ərzində ermənilərin viran qoyduğu rayonlarımızda sürətli şəkildə yenidənqurma işlərinə başlanılıb”, - deyə deputat qeyd edib.

İqtisadiyyat 2021-07-25 16:18:00