×
A
A
A
Sazlamalar

“Səyyar Gənclər Xidməti” layihəsinə Qubada start verildi VİDEO

“Səyyar Gənclər Xidməti” 39 rayonunun 100-ə yaxın kəndini əhatə edəcək

Quba, 25 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 25-də Quba rayonunun Üçgün kəndində “İmkanlar Sənə Doğru!” devizi altında “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Səyyar Gənclər Xidməti” qarşıdakı dörd ay ərzində respublikanın 39 rayonunun 100-ə yaxın kəndini əhatə edəcək.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Layihənin məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının daha da artırılmasıdır. Bu məqsədlə müxtəlif dövlət qurumları və özəl təşkilatlar tərəfindən gənclərə təqdimatlar keçirilir, gənclərin proqramlara yerindəcə cəlb olunması təmin edilir.
Layihənin açılış mərasimində Azərbaycan Respublikası Gənclər Fondu, Quba Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Dayanıqlı İnkişaf Agentliyinin rəhbər şəxsləri gənclərlə görüşərək, dövlət başçısının gənclərə qayğısı və təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verdilər.
Bildirilib ki, layihənin əsasında gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtların səmərəli təşkili, onların bilik, bacarıqlarının və dünyagörüşünün genişləndirilməsi dayanır. Bu xüsusda, gənclərin maraqlarını əhatə edəcək müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilir.
Bununla yanaşı, layihədə nəzərdə tutulmuş əyləncə proqramları çərçivəsində gənclər arasında müxtəlif intellektual və idman yarışları təşkil edilir, tanınmış insanlarla, o cümlədən uğurlu iş adamları ilə görüşləri keçirilir.
Tədbir zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun qazandığı tarixi Zəfər və bu qələbənin yaratdığı yeni reallıqlar fonunda gənclərin üzərinə düşən vəzifələr qeyd olunub.

Regionlar 2021-07-25 12:12:00

Video