×
A
A
A
Sazlamalar

Son 10 ildə Azərbaycanda ordu quruculuğu sahəsində mühüm işlər görülüb, islahatlar aparılıb və nailiyyətlər qazanılıb

Bakı, 25 iyul, AZƏRTAC

Son 10 ildə Azərbaycanda ordu quruculuğu sahəsində mühüm işlər görülüb, islahatlar aparılıb və nailiyyətlər qazanılıb. Bu sahədə Azərbaycan kifayət qədər geniş islahatların aparılmasına 2010-cu ildə start vermişdi. Bu illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin təşkilat-ştat strukturlarının təkmilləşdirilməsi ilə yanaşı, hərbi qulluqçuların da sosial-məişət şəraitlərinin yaxşılaşdırılması və maddi vəziyyətlərinin yüksəldilməsi üçün bir çox layihələr həyata keçirilib. Bu dövrdə Azərbaycan Silahlı Qüvvələrinin balansında olan yaşayış fondu ilə bərabər, yeni hərbi hissələr, zabitlər üçün şəhərciklər, təlimlərin keçirilməsi üçün yeni poliqonların tikilməsi və sair kimi infrastruktur layihələrinə geniş yer ayrıldı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, ordu quruculuğu proseslərdə önəmli olan və mühüm əhəmiyyət daşıyan amillərdən biri də şəxsi heyətin təsərrüfat və təminat işlərindən azad olunması, bu vəzifələrin yerinə yetirilməsi üçün mülki vətəndaşların xidmətə cəlb edilməsi oldu. Şəxsi heyətin sırf döyüş hazırlığı ilə məşğul olması məqsədilə addımlar atıldı. Bu da ordumuzun döyüş potensilanı kifayət qədər yüksəltdi. Əlavə olaraq orduda döyüş qabiliyyətini tələb edən vəzifələrə ixtisaslı mütəxəssislər cəlb olundu. Yəni manqa komandiri, snayper, kəşfiyyat orqanlarında xidmət edən heyət tamamilə müddətdən artıq xidmət edən hərbi qulluqçularla komplekləşdirildi. Kifayət qədər bahalı hərbi texnikanın idarəetməsi bu kateqoriyadan olan insanlara həvalə edildi ki, bu da ordunun döyüş qabiliyyətinin artırılması ilə nəticələndi.
Hərbi ekspert diqqətə çatdırıb ki, digər vacib məsələlərdən biri ordumuzun kadr potensialının xaricdə təhsil almış zabitlər hesabına yüksəldilməsindən ibarət oldu. Ordumuzun təcrübəli və savadlı kadrlarla təmin olunması məqsədilə tərəfdaş ölkələrlə hərbi təhsil sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalandı. Azərbaycandan kənarda təhsil almaq üçün gedən şəxsi heyətin sayında ciddi artım müşahidə olundu. Sonradan bu kadrların Vətən müharibəsi zamanı kifayət qədər ciddi nəticələr qazandığının şahidi olduq. Gənclərimizin milli ruhda yetişdirilməsi üçün hərbi liseylərdən tutmuş strateji hərbi akademiyalara qədər bütün səviyyələrdə olan təhsil müəssisələri yenidən quruldu, orada yerli mütəxəssislərin tədrislə məşğul olması üçün münbit şərait yaradıldı. Hərbi ali məktəblərin yaradılması tədris potensialının artırılmasına səbəb oldu.
Ədalət Verdiyev xatırladıb ki, Azərbaycan son 10 ildə müdafiə potensialının gücləndirilməsi və müdafiə sənayesi sahəsində bir çox işlər görüb. Müasir dövrün çağırışlarına cavab verən, yeni texnologiyalarla hazırlanmış müdafiə məmulatları alınıb. Müdafiə sənayesi sahəsində tərəfdaş ölkələrin təcrübəsi nəzərə alınmaqla ən inkişaf etmiş sənayeyə malik ölkələrlə əməkdaşlıq çərçivəsində Azərbaycanın yerli müdafiə sənayesi potensialı inkişaf etdirilib. Nəticədə 1000-dən çox müdafiə təyinatlı məmulatlar yerli müəssisələrdə istehsal olunmağa başlayıb. Bu məmulatlar həm ixracda, həm də yerli hərbi hissələrin təminat və təchizatında mühüm rol oynadı. Hazırda Azərbaycan Ordusu bir çox yerli məmulatdan istifadə etməkdə davam edir. Onlardan bir neçəsini biz Vətən müharibəsi zamanı müvəffəqiyyətlə və ilk dəfə döyüşlərdə sınaqdan keçirdik.
Hərbi ekspert qeyd edib ki, digər tərəfdən respublikamız artıq aerokosmik ailəyə daxil olub. Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Hazırda biz bu peyklər vasitəsilə həm mülki, həm də hərbi məqsədli vəzifələrin yerinə yetirilməsini müşahidə edirik. Vətən müharibəsi zamanı bu peyklərdən əldə olunan görüntülər vasitəsilə biz düşmənin müxtəlif təyinatlı və bahalı zenit komplekslərini məhv etdik. Bu isə bir daha aerokosmik peyklərin tətbiqinin əhəmiyyətini sübut etdi.
“Bundan başqa, Azərbaycan son 10 il ərzində üç dəfə ADEX müdafiə sənayesi sərgilərini uğurla təşkil etdi. Hazırda müdafiə sənayemiz növbəti ADEX 2022 sərgisinin Azərbaycanda keçirilməsi üçün hazırlıq işlərinə başlayıb. Ümumiyyətlə Azərbaycan regionda ən böyük müdafiə büdcəsinə malik dövlətdir. Döyüş qabiliyyətinə görə də ölkəmiz müxtəlif beynəlxalq təşkilatların reytinqində Ermənistandan ən az 37 pillə irəlidə qərarlaşıb”, - deyə ekspert vurğulayıb.

 

Sosial 2021-07-25 11:44:00