×
A
A
A
Sazlamalar

Rəşad Mahmudov: Məqsəd əhalinin sosial rifahını daha da yaxşılaşdırmaqdır

Bakı, 24 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin ölkəmizin qərb bölgəsinə - Daşkəsən, Goranboy rayonlarına, Naftalan şəhərinə səfəri bir daha göstərdi ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilən və yüksək səviyyədə gerçəkləşdirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası respublikada qeyri-neft sektorunun davamlı inkişafına, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Prezidentin səfər çərçivəsində Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak etməsi ölkəmizdə gənclərə asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar yaradılmasından, Daşkəsən şəhərinin yenidən qurulan su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi əhalinin sosial şəraitinin yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanılmasından, Naftalan Mərkəzi Sanatoriyasının fəaliyyətə başlaması turizm sənayesinin inkişafından, şəhərdə 200 yerlik körpələr evi-uşaq bağçasının tikintisinin başa çatdırılmasının isə son illərdə paytaxtla yanaşı, bölgələrimizdə də məktəbəqədər təhsil sahəsində əvvəllər mövcud olan çatışmazlıqların aradan qaldırılmasından xəbər verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Rəşad Mahmudov deyib: “Prezident İlham Əliyevin ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində açılışlarında iştirak etdiyi müəssisələrin istifadəyə verilməsi bir daha göstərir ki, regionların inkişafını şərtləndirən sosial məsələlərin həllinə xüsusi önəm verilir, insan amili daim diqqət mərkəzində saxlanılır, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması prioritet xarakter daşıyır”.
Deputat açıqlamasında mühüm bir məqama da toxundu. Bildirdi ki, regional inkişaf sahəsində beynəlxalq təcrübələrin təhlili göstərir ki, müasir dövrdə bu istiqamətdə həyata keçirilən siyasətin paradiqması dəyişir. Belə ki, köhnə paradiqmada əsas problem kimi gəlirlər, məşğulluq, fiziki və bazar infrastrukturu üzrə regional fərqlər önə çəkilirdisə, yeni paradiqmada regionların potensialından istifadənin səmərəliliyinin və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin daha da artırılması, yaşıl iqtisadiyyatın formalaşması, innovativ yanaşmaların tətbiqi kimi məsələlərə daha çox diqqət yetirilir.
Hazırda Azərbaycanda da bu məsələyə xüsusi əhəmiyyət verilir. Belə ki, qeyd olunan paradiqma dəyişikliyi prizmasına əsaslanılaraq, regionların inkişafının planlaşdırılmasında və həyata keçirilməsində yerli idarəetmə, o cümlədən yerli özünüidarəetmə orqanlarının, kənd icmalarının daha fəal cəlb olunması yolu ilə hər bir vətəndaşın həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər reallaşdırılır.
Rəşad Mahmudov ölkə rəhbərinin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibə ilə bağlı da fikirlərini bölüşərkən, əvvəlcə dövlətimizin başçısının vurğuladığı yarımillik iqtisadi göstəricilərlə bağlı fikrini diqqətə çatdırdı: “Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, ölkə iqtisadiyyatı 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq”
Prezident İlham Əliyev müsahibəsində cari ilin ötən altı ayı ərzində ölkəmizin sosial-iqtisadi yekunlarını ifadə edən digər göstəriciləri də xatırlatdı. Bildirdi ki, qeyri-neft sektoru 5 faizdən çox, qeyri-neft sənayesi 16,6 faiz, kənd təsərrüfatı 5,6 faiz yüksəlib. Bütün bunlarla bərabər, bu dövrdə valyuta ehtiyatları 1 milyard dollar həcmində artıb. Xarici ticarətdə müsbət saldo 3,4 milyard dollar təşkil edib.
Rəşad Mahmudov açıqlamasının sonunda dövlətimizin başçısının Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlarla bağlı fikirlərinə də toxundu. “İkinci Qarabağ savaşından sonrakı mövcud şərait beynəlxalq əməkdaşlıq formatının reallaşdırılmasını şərtləndirir. Buna görə də düşməndən təmizlənən ərazilərdə hazırda sosial infrastrukturun yenidən qurulması və əhalinin işlə təmin olunması üçün dövlət investisiyası ilə yanaşı, yerli və xarici investisiya da cəlb edilir. Böyük quruculuq işlərinə dost ölkələrin təşviq olunması siyasəti isə Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir. Artıq bir sıra dost ölkələrin şirkətləri ilə respublikamızın özəl qurumları tərəfindən magistral və dəmir yollarının çəkilişi, infrastruktur layihələrinin birgə həyata keçirilməsi prosesi uğurla həyata keçirilir.
“Lakin əsas çətinlik dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir”,- deyə deputat bildirib. O, eyni zamanda, qeyd edib ki, belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Düzdür, Ermənistandan mina xəritələrinin bir qismi alınıb. Lakin bu prosesin tez bir zamanda başa çatması üçün beynəlxalq ictimaiyyət işğalçını azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana verməyə məcbur etməlidir.

Sosial 2021-07-24 17:54:00