×
A
A
A
Sazlamalar

Çingiz Hüseynzadə: Azərbaycan “Tokio-2020”nin açılış mərasiminə 20-30 nəfərlik heyətlə qatılacaq

Bakı, 23 iyul, AZƏRTAC

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK baş katibinin müavini Azər Əliyev Tokioda Olimpiya kəndinə səfər ediblər.
MOK-un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyətinin rəhbərliyi ilə görüşən Çingiz Hüseynzadə və Azər Əliyev yerli şərait, idmançıların hazırlığı ilə tanış olublar.
Ç.Hüseynzadə Tokio Yay Olimpiya Oyunları ilə əlaqədar Yaponiya paytaxtında olan Azərbaycan idmançıları ilə görüşdə çətin şəraitdə onlardan böyük uğurların gözlənildiyini vurğulayıb. İdmançılarımızın qələbələrinə inandığını vurğulayan MOK-un vitse-prezidenti onlara uğurlar arzulayıb.
Olimpiya Kəndində hər cür şəraitin yaradıldığını vurğulayan Ç.Hüseynzadə “Tokio-2020” Yay Olimpiya Oyunlarının açılış mərasimini barədə fikirlərini bölüşərək deyib: “İdmançılarımız da paraddan keçəcəklər. Onların hamısı indi burada yoxdur. Əsas idmançılarımız - güləşçilər, karateçilər, gimnastlar hələ Tokioya gəlməyiblər. Onların çıxışları Olimpiadanın son günlərində olacaq”.
MOK rəsmisi açılış mərasimində Azərbaycanın məhdud sayda heyətlə təmsil olunacağını vurğulayıb: “Bu gün açılışa buradakı idmançılarımız çıxacaqlar. Sabah yarışı olan idmançılar da mərasimə qatılmayacaqlar. Azərbaycan açılış mərasimində 20-30 nəfərlik heyətlə təmsil olunacaq. Ümid edirəm ki, heyətimiz açılış mərasimində çox gözəl və təntənəli şəkildə keçəcəklər”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti atletlərin COVID-19 testini verməsi prosesi, onların məskunlaşdıqları otaqlar, qidalanma şəraiti ilə maraqlanıb.
Qeyd edək ki, Yaponiyanın paytaxtı Tokioda XXXII Yay Olimpiya Oyunlarının açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Tokioda 2020-ci ilin yayında keçirilməli olan XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar bu ilə təxirə salınıb. Olimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 23-də keçiriləcək. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

İdman 2021-07-23 14:58:00