Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çində şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 33-ə çatıb VİDEO

Pekin, 22 iyul, AZƏRTAC
Çinin Henan vilayətində bir neçə gündür davam edən mövsüm yağışlarının yaratdığı fəsadlar səbəbindən ölənlərin sayı 33-ə, itkin düşənlərin sayı 8-ə çatıb.
AZƏRTAC vilayətin təbii fəlakətlərlə mübarizə komissiyasına istinadla xəbər verir ki, şiddətli yağışlar 3 milyondan çox sakinin həyatına mənfi təsir göstərib. Təbii fəlakət zonasından 376 min nəfər təxliyə edilib. Sel və daşqın 215 min hektar əkin sahəsində məhsulu yararsız hala salıb. İqtisadiyyata dəyən maddi zərər 1,22 milyard yuan (təxminən 188,6 milyon ABŞ dolları) dəyərində qiymətləndirilir. Bundan başqa, xeyli fərdi mənzilə, kommersiya obyektinə, avtomobillərə ziyan dəyib.
Meteorologiya qurumu şiddətli yağışların gün ərzində davam edəcəyini, xüsusən də Anyan, Hebi, Sinsian və Ciaocuo şəhərlərində daha təsirli olacağını proqnozlaşdırıb.
Qeyd edək ki, iyulun 16-dan bəri yağan şiddətli yağışlar Henan vilayətində son 60 ilin ən böyük təbii fəlakətini yaradıb. Yağıntı suları vilayətin paytaxtı Cencou şəhərinin küçələrində böyük axınlara səbəb olub. Nəticədə binaların zirzəmi və birinci mərtəbələrinə, mağazalara, restoranlara, hətta metro stansiyalarına yağıntı suları dolub. Çinin nəqliyyat qovşaqlarından olan Cencouda ictimai nəqliyyatın, habelə şəhərlərarası təyyarə və qatarların hərəkəti iflic olub. Magistral yollar bağlanıb. Təbii fəlakətlə mübarizə tədbirlərinə 40 minə yaxın canlı qüvvə, eləcə də hərbçilər cəlb olunub.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2021-07-22 13:18:00

Video