Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Uxan İnstitutu COVID-19 virusunun yaradılması ilə bağlı şübhələrə cavab verib

Bakı, 22 iyul, AZƏRTAC

Çinin Uxan şəhərindəki Virusologiya İnstitutu COVID-19 infeksiyasının laboratoriyadan sızması və guya pandemiyadan öncə əməkdaşlarının koronavirusa yoluxması barədə ehtimalları inkar edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, institutun məlumatına görə, virusun süni mənşəli olmasına və ya onun laboratoriyadan sızmasına dair heç bir sübut yoxdur.
“2019-cu il dekabrın 31-dək Uxan Virusologiya İnstitutu COVID-19 infeksiyasını tədqiq etməyib və onunla qarşılaşmayıb. Müəssisədə heç vaxt koronavirus sintez edilməyib və yaradılmayıb. Bu günə qədər heç bir əməkdaşımız və tələbəmiz koronavirusa yoluxmayıb”, - deyə institut nümayəndəsi bildirib.
İlin əvvəlində Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislər qrupu koronavirusun yaranma səbəblərini aydınlaşdırmaq üçün Çinin Uxan şəhərinə səfər edib. Onlar COVID-19 infeksiyasının laboratoriyada yaradılması versiyasını mümkünsüz adlandırıb.
ABŞ Prezidenti Cozef Bayden administrasiyası isə öz növbəsində Amerika kəşfiyyatının koronavirusun süni mənşəyi ilə bağlı “son nəticəyə gəlmədiyi” barədə bəyanat yayıb. Vaşinqton, həmçinin Pekini koronavirus pandemiyasından əvvəl aşkarlanan və izah olunmayan xəstəliklər barədə tibbi qeydləri dərc etməyə çağırıb.

Dünya 2021-07-22 13:08:00