Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Floridada bina faciəsində ölənlərin qohumlarına və yaralananlara 150 milyon dollar ödəniləcək

Bakı, 22 iyul, AZƏRTAC

Floridada ştatının Mayami dairəsindəki Serfsayd şəhərində yaşayış binasının çökməsi nəticəsində həlak olanların yaxınlarına və xəsarət alanlara azı 150 milyon dollar təzminat ödəniləcək.
AZƏRTAC Fox News telekanalına istinadla xəbər verir ki, bu barədə Mayami-Deyd dairə məhkəməsinin qərarında deyilir. Həmin məbləğin 50 milyon dolları sığorta ödənişləri, 100 milyon dolları isə artıq mövcud olmayan binada əmlak itkisi üçün nəzərdə tutulub.
Zərər çəkənlərin qohumlarının iyun ayının sonundan bəri məhkəməyə göndərdikləri çoxsaylı iddialar üçün mümkün ödənişlər təzminata daxil deyil. Bütün vəsatətlər bir iddia şəklində toplanacaq və məhkəmə tərəfindən ayrıca baxılacaq.
Qeyd edək ki, iyunun 24-nə keçən gecə Florida ştatının Mayami-Deyd dairəsində yerləşən Serfsayd şəhərində çoxmərtəbəli yaşayış binası çöküb. Xilasedicilər sağ qalma şansı olmadığı üçün iyulun 7-də axtarış-xilasetmə əməliyyatını dayandırıb. Hazırda binanın dağıntıları altından cəsədlər axtarılır. Son məlumata görə, axtarış əməliyyatlarının gedişində 97 nəfərin cəsədi aşkarlanıb.

 

 

Dünya 2021-07-22 11:57:00