Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İrandan Azərbaycan və Rusiyaya ixracın həcmi 14 faiz artıb

Tehran, 22 iyul, AZƏRTAC

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, İrandan Azərbaycan və Rusiyaya məhsul ixracının həcmi 2019-cu illə müqayisədə 2020-ci ildə 14 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İran Gömrük Komitəsinin nümayəndəsi Ruhulla Lətifi məlumat verib. O bildirib ki, Azərbaycan üzərindən Rusiyaya 1 milyon 51 min ton yük göndərilib ki, bu da 504 milyon 575 min dollar dəyərində olub.
Qeyd etmək lazımdır ki, İran Astarası ilə Azərbaycanın Astara şəhəri arasında dəmir yolu xətti istifadəyə verildikdən sonra Tehranla Moskva arasındakı ticarət dövriyyəsində artım müşahidə edilib. Bu artım Azərbaycan üzərindən daşınan tranzit yüklərin də artımına səbəb olub ki, bu da ölkəmizə valyuta axınını təmin edir. Yaxın gələcəkdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara-(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti istismara verildikdən sonra İrandan ixrac edilən yüklər təkcə Rusiyaya deyil, Avropaya da məhz Azərbaycan üzərindən daşınacaq. Bu isə Azərbaycanın büdcəsinə valyuta gəlirinin həcmini artıracaq.
Hələlik yolun Qəzvin-Rəşt hissəsi istifadə edilir. İran rəsmilərinin verdikləri məlumata əsasən, 2022-ci ildə Rəşt-Astar hissəsi də inşa edilib başa çatdırılacaq.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

İqtisadiyyat 2021-07-22 02:34:00