×
A
A
A
Sazlamalar

Tokioda Beynəlxalq Olimpiya Komitəsinin 138-ci sessiyası öz işinə başlayıb

Tokio, 20 iyul, AZƏRTAC

İyulun 20-də Tokioda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 138-ci sessiyası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, sessiya iştirakçıları əvvəlcə koronavirus pandemiyasının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Sessiyada çıxış edən Yaponiyanın Baş naziri Yoşihide Suqa ölkəsinin Olimpiya Oyunlarını təhlükəsiz formatda keçirməkdə qətiyyətli olduğunu bir daha vurğulayıb.
Yaponiya sakinlərinin həyatının və sağlamlığının hökumət üçün prioritet təşkil etdiyini qeyd edən Baş nazir, idmançıların yarışlarda özlərini rahat hiss etmələri üçün də lazım olan bütün addımların atıldığını bildirib. “Biz Oyunların təhlükəsiz formatda keçirilməsinə qəti şəkildə hazırıq”, - deyə Y.Suqa qeyd edib.
BOK prezidenti Tomas Bax isə dünya ictimaiyyətinin Olimpiadanı təşkil etdiyinə görə yapon xalqına heyran olacağını söyləyib. “Nəhayət həmin an çatacaq. Düşünürəm ki, yarışları seyr edən bir neçə milyard insan Yaponiya əhalisinə heyran olacaq”, - deyə BOK prezidenti bildirib.
BOK-un cari sessiyasında Yaponiyanın pandemiya şəraitində Oyunlara hazırlıq səviyyəsi qiymətləndiriləcək. Həmçinin 2032-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarının Avstraliyanın Brisben şəhərində keçirilməsi barədə qərar qəbul ediləcək. Sessiya zamanı BOK-un rəhbər vəzifələrinə seçkilərin keçiriləcəyi də gözlənilir.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 23-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışların vaxtı bir il sonraya dəyişdirilib. Təşkilatçıların yekdil qərarına əsasən əcnəbi tamaşaçılar və Yaponiyanın altı prefekturasının sakinləri yarışlara buraxılmayacaq. Bununla yanası, ölkədə epidemioloji vəziyyət ağır olduğuna görə Oyunlar fövqəladə vəziyyət şəraitində keçiriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

İdman 2021-07-20 08:30:00