×
A
A
A
Sazlamalar

Elektron demoqrafiya mühitində OLAP texnologiyalarının tətbiqi ilə bağlı tədqiqatlar aparılıb

Bakı, 16 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda elektron demoqrafiya mühitində OLAP texnologiyalarının tətbiqi ilə bağlı tədqiqatlar aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova 6 ay ərzində rəhbərlik etdiyi şöbədə görülən elmi-tədqiqat işləri barədə danışıb. O, e-dövlət mühitində e-demoqrafiya sisteminin arxitekturunun işlənilməsi, OLAP texnologiyalarının tətbiqi, elektron demoqrafiyada aparılan tədqiqatlar və çap olunan məqalələr haqqında məlumat verib.
Məruzəçi “Virtual mühitdə Azərbaycan dilinin istifadəsinin elmi-nəzəri problemləri” mövzusunda intellektual terminoloji informasiya sistemlərinin sintezi problemlərinin tədqiqi istiqamətində görülən işləri diqqətə çatdırıb. G.Nəbibəyova şöbənin elmi-tədqiqat işləri çərçivəsində intellektual transliterasiya interfeyslərinin işlənilməsi, veb-spamlarla mübarizə texnologiyaları, milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi istiqamətində araşdırmaların davam etdirildiyini nəzərə çatdırıb. Bildirib ki, 6 ay ərzində tanınmış elmi jurnallarda 6 məqalə çap olunub.
Hesabatla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev şöbədə virtual mühitdə Azərbaycan dilinin istifadəsinin elmi-nəzəri problemləri, milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi, eləcə də digər mövzularda aparılan tədqiqatların davam etdirilməsi ilə bağlı tövsiyələr verib.

 

Texnologiya 2021-07-16 15:21:00