×
A
A
A
Sazlamalar

Akustik küy və elektron tullantıları problemlərinin analizi ilə bağlı tədqiqatlar davam etdirilir

Bakı, 13 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda akustik küy və elektron tullantıları problemlərinin analizi və onların həlli yolları ilə bağlı tədqiqatlar davam etdirilir.
Bu barədə institutun elmi seminarında məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev rəhbərlik etdiyi şöbənin ilin birinci yarısı üzrə hesabatını təqdim edib. O qeyd edib ki, ölkəmizin ekoloji, iqtisadi, texnoloji, sosial, mədəni və milli xüsusiyyətlərindən asılı olaraq milli idarəçilik modelinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılıb. Əşyaların interneti və 5G mobil rabitə texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi mövzusu üzrə tədqiqat işləri də davam etdirilib. Həmçinin 6 ay ərzində akustik küy idarəçiliyi sahəsində bir sıra qabaqcıl ölkələrin təcrübəsi öyrənilib və müqayisəli analiz edilib. Eksperimental obyektlərdə akustik küy çirklənməsi vəziyyətinin monitorinqi aparılıb və küydən mühafizə tədbirlərinin görülməsi istiqamətində təkliflər işlənilib. Bu araşdırmaların eksperimental obyekti kimi Bakı Dövlət Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutu götürülüb, avtonəqliyyat küyünün (küçə küyünün) elmi fəaliyyətə ziyanlı təsirinin qiymətləndirilməsi məsələləri tədqiq edilib, küyün təsirinin azaldılması məqsədilə bir sıra mühafizə tədbirləri təklif olunub.
Seminarda hesabatla bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

Texnologiya 2021-07-13 14:12:00