×
A
A
A
Sazlamalar

Deputat Soltan Məmmədovun məqaləsi Fransa portalında dərc olunub

Bakı, 7 iyul, AZƏRTAC

Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədovun Fransanın musulmansenfrance.fr portalında məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Ən yaxı yol bütün açıq sualları birgə müzakirə etməkdir” sərlövhəli məqalədə deputat Azərbaycan-Fransa münasibətlərinin tarixinin hər iki ölkənin iqtisadi və geosiyasi maraqlarının bir çox nöqtələrdə üst-üstə düşdüyünü təsdiq edən faktlarla zəngin olduğunu qeyd edib. Məqalədə Fransanın Ermənistanla Azərbaycan arasında ötən ilin sentyabrında baş vermiş müharibə zamanı və müharibədən sonra nümayiş etdirdiyi mövqenin bir çox haqlı suallar doğurduğu qeyd edilib.
Bu sualları doğuran səbəblərin bir neçə kontekstdə təhlil olunduğu məqalədə göstərilir ki, birinci kontekst ikitərəfli əlaqələrdir. Fransanın bəzi yüksəkvəzifəli şəxslərinin müharibə dövründə və sonrakı mərhələdə Ermənistanı birmənalı olaraq dəstəkləməsinin Azərbaycan-Fransa münasibətlərinin ruhuna uyğun olmadığı vurğulanıb. Azərbaycanda Fransanı dost ölkə hesab edirlər, ona görə də Fransanın birtərəfli mövqeyi təəccüblə qarşılanır.
Məqalədə, həmçinin vurğulanıb ki, Fransanın mövqeyinin təəccüb doğurduğu ikinci məqam beynəlxalq hüquq və tarixi ədalət anlayışlarıdır. Qeyd olunub ki, bütün dünya, o cümlədən, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ərazi bütövlüyünün və suverenliyin toxunulmazlığı beynəlxalq hüquqda təsbit olunmuş fundamental prinsiplərdən biridir. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti isə sovetlər dövründə rəsmən məhz Azərbaycan ərazisi kimi tanınıb. Fransa Respublikasının bəzi yüksəkvəzifəli şəxslərinin bəyanatlarını, xüsusilə də parlamentin hər iki palatasının qəbul etdiyi sənədləri beynəlxalq hüquqa etinasızlıq, tarixi ədaləti görməzdən gəlmək kimi qiymətləndirənlər bu faktlara istinad edirlər.
Üçüncü kontekst onunla bağlıdır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın birtərəfli qaydada Ermənistanın mövqeyini müdafiə etməsi Minsk qrupunun həmsədri kimi götürdüyü öhdəliklərə uyğun gəlmir, bu ölkənin tərəfsizliyinə və obyektivliyinə Azərbaycan tərəfində müəyyən şübhələr yaradır.
Dördüncü mühüm məqam isə ondan ibarətdir ki, Fransanın tərəflərdən birini dəstəkləməsi Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpasına, etimad mühitinin formalaşmasına, davamlı sülhün təmin olunmasına kömək etmir.
Məqalədə Azərbaycanın Fransa ilə münasibətlərin inkişafında maraqlı olduğunu konkret addımları ilə nümayiş etdirdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan və Fransanı yalnız siyasi və iqtisadi mənafelər deyil, eyni zamanda, dərin tarixə malik dostluq, tərəfdaşlıq münasibətləri birləşdirir.
Məqalənin tam mətni ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://musulmansenfrance.fr/les-relations-azerbaidjano-francaises/
Qeyd edək ki, “musulmansenfrance” portalı Fransanın 8 milyon nəfərlik müsəlman icmasının ən nüfuzlu kütləvi informasiya vasitəsi hesab olunur. Portal iki dildə - ingilis və fransız dillərində yayımlanır. Gündəlik İP sayı 70 mindən çoxdur. Portalın gündəlik abunəçilərinin sayı 12 mindir. Fransanın 100-ə yaxın kütləvi informasiya vasitəsi portalın materiallarına istinad edir.

 

 

Siyasət 2021-07-07 23:19:00