×
A
A
A
Sazlamalar

Antiplagiat sistemində elmi nəticələrin orijinallıq göstəricilərinin təqdim edilməsi məsələləri müzakirə olunub

Bakı, 5 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova və kiçik elmi işçi Firudin Əsgərovun həmmüəllifliyi ilə “Antiplagiat sistemində elmi nəticələrin orijinallıq göstəricilərinin təqdim edilməsi məsələləri” mövzusunda onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzə plagiatlıq və onunla mübarizə vasitələri, antiplagiat proqram təminatları, Azərbaycanda antiplagiat xidmətləri, orijinallıq göstəricilərinin təqdimatı və digər məsələləri əhatə edib.
R.Həsənova mövzuya dair çıxış edərək bildirib ki, plagiatlıq intellektual mülkiyyətin qeyri-maddi formada qanunsuz mənimsənilməsi, piratçılıq isə intellektual mülkiyyətin maddi formada qeyri-qanuni mənimsənilməsidir. Plagiatlıqla mübarizə vasitələrinə veb əsaslı (sayt üzərindən) və tətbiqi proqram təminatı daxildir.
Antiplagiat proqram təminatları barədə məlumat verən məruzəçi verilənlər bazası üzrə yoxlama, internet üzərindən yoxlama, nəşrin yoxlanması, fərqli sənədlərin eyni anda müqayisəsi, müxtəlif əlifba və dillərin dəstəklənməsi və digər əlamətləri diqqətə çatdırıb. O qeyd edib ki, ölkəmizdə Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texnologiya Universiteti, eləcə də AMEA İnformasiya Texnologiyaları İnstitutunda antiplagiat xidmətləri mövcuddur.
Orijinallıq göstəricilərinin təqdimatından bəhs edən R.Həsənova buraya insan resursu, müəllifin özünə istinadlar, əksinə plagiat, ədəbiyyat siyahısı və mükəmməl tərcümə alətinin daxil olduğunu söyləyib.
O, həmçinin Azərbaycanda antiplagiat xidmətlərinin göstərilməsi və qiymətlər barədə məlumat verib, institutda plagiatlığın yoxlanılması nəticəsinə dair nümunə təqdim edib.
Məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2021-07-05 12:58:00