×
A
A
A
Sazlamalar

Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlərin təminində innovasiya infrastrukturu problemləri araşdırılır

Bakı, 1 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlərin təminində rəqəmsal texnologiyalar və innovasiya infrastrukturu problemləri” mövzusuna həsr edilmiş onlayn elmi seminarda şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Ə.Əliyev bildirib ki, ölkəmiz 2020-ci ilin sonlarından başlayaraq iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələlərini yaşamaqdadır.
İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış və müasir normal həyat tərzinin təmin olunmasından danışan alim qeyd edib ki, bu prioritetin uğurla reallaşdırılması üçün dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya istiqamətlərinə xüsusi diqqət yetirilməlidir.
İKT əsaslı Milli İnnovasiya Sisteminin (MİS) yaradılması xüsusiyyətləri və perspektivlərindən bəhs edən Ə.Əliyev Milli Prioritetlərin təminində İKT-nin və rəqəmsal texnologiyaların tətbiqi, İKT sahəsində milli kadrların hazırlanması, minimal İKT savadlılığının təmin olunması, sosialyönümlü sahələrin və telekommunikasiya infrastrukturunun inkişafı, milli informasiya resurslarının yaradılması, kütləvi rəqəmsallaşma texnologiyalarının tətbiqi və s. məsələlərdən də söz açıb.
Ə.Əliyev bildirib ki, Qarabağa böyük qayıdışda, Qarabağın bərpasında, inkişafında, yenidən qurulmasında, əsas elmi-texniki layihələrin icra edilməsində bir elmi kollektiv olaraq İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının tədqiqat nəticələri də mühüm töhfə olacaq.
Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

Texnologiya 2021-07-01 15:20:00