×
A
A
A
Sazlamalar

“Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda videokonfrans keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusuna həsr olunmuş videokonfrans keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirə Ucar, Göyçay, Kürdəmir, Zərdab, Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında fəaliyyət göstərən din xadimləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgələr üzrə səlahiyyətli nümayəndələri, habelə qeyri-müsəlman dini icmaların rəhbərləri qatılıblar.
Videokonfransı giriş sözü ilə açan Komitə sədrinin birinci müavini Səyyad Salahlı milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, bu zəngin xəzinənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilib, qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqları fəaliyyətini bərpa edib, onların təmiri və inşası geniş vüsət alıb. Azərbaycan xalqının Ümummilli Liderinin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəsillərin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində müstəsna xidmətləri olub. Vurğulayıb ki, Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideyası milli həmrəyliyi, dinlərarası harmoniyanı, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Multikultural dəyərlərin dünya miqyasında hamisi kimi nüfuz qazanan Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə verdiyi önəmdən danışan S.Salahlı Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanların həyata keçirilən uğurlu milli siyasət nəticəsində mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyini qeyd edib. Sədrin birinci müavini bu uzaqgörən siyasətin nəticəsinin möhtəşəm Zəfərlə yekunlaşan Vətən müharibəsində də özünü göstərdiyini qeyd edib. Diqqətə çatdırıb ki, bu yanaşmanın məntiqi nəticəsi kimi biz geridə qoyduğumuz 44 günlük Vətən müharibəsində multikulturalizm siyasətinin dövlətimiz üçün nə qədər gərəkli olduğunun canlı şahidi olduq.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev çıxışında ayrı-ayrı etnosların və dini konfessiyaların həmrəylik şəraitində yaşaması, onların bir millət, xalq kimi formalaşmasında milli-mənəvi dəyərlərimizin roluna toxunub. Eyni zamanda milli-mənəvi dəyərlərimizin inkişaf yoluna nəzər salan S.Mirzəyev bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyəti barədə danışıb. Şöbə müdiri dövlətin apardığı bu uğurlu siyasət nəticəsində 44 günlük Vətən müharibəsində ölkəmizdə yaşayan bütün millət və dinlərin nümayəndələrinin ərazi bütövlüyümüzün bərpası uğrunda - istər ön cəbhədə, istərsə də arxa cəbhədə əlindən gələni əsirgəmədiyini deyib. Bildirib ki, Vətən müharibəsində möhtəşəm Qələbə qazanmağımızda bir sıra amillər xüsusi rol oynayıb. Bu amillərin başında dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək idarəçilik qabiliyyəti, möhkəm və qətiyyətli iradəsi, eyni zamanda xalqımızın mənsub olduğu milli-mənəvi dəyərlər gəlir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi qazısı Mərəhmət Mustafayev mövzunun aktuallığına toxunaraq vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsində dini mənsubiyyətindən, məzhəb fərqindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək dəmir yumruğa çevrilməsi milli birliyimizin ən gözəl nümunəsidir. Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərinə də toxunan bölgə qazısı Amerika Yəhudi İcması üzvlərinin 1999-cu ildə Şamaxıya səfərləri zamanı məzhəb fərqi qoyulmadan qədim Cümə məscidində əhalinin birlikdə namaz qılmasına təəccüb nümayiş etdirdiklərini, multikultural, tolerant dəyərlərimizin dünya ölkələri üçün əvəzsiz nümunə olduğunu xatırladıb.
Bakı şəhəri “Alov” xristian dini icmasının sədri İdris Məmmədov və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri Robert Mobili təmsil etdikləri dini qurumların Vətən müharibəsi dövründəki fəaliyyəti, yardım aksiyaları haqqında məlumat veriblər. Ermənistanın münaqişəni dini motivə çəkmək cəhdləri, Alban-Udi irsinin saxtalaşdırılması kimi faktlara diqqət çəkən icma sədrləri bu uydurmaların qarşısının alınması üçün beynəlxalq təşkilatlara müraciətlər ünvanlandığını, Azərbaycan həqiqətlərini əks etdirən videoçarxların çəkildiyini bildiriblər.
Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Füzuli Cəfərov və Ucar şəhər “Cami” məscidi dini icmasının sədri Ceyhun Əliyev çıxışlarında bildiriblər ki, milli-mənəvi dəyərlərimiz Vətənimiz və milli dövlətçiliyimiz naminə birliyimizi möhkəmləndirir.
Videokonfrans müzakirələrlə davam etdirilib.

Din 2021-06-24 20:56:00