×
A
A
A
Sazlamalar

Süni immun sistemlərdən istifadə etməklə yeni alqoritm işlənilib

Bakı, 23 iyun, AZƏRTAC
“Süni immun sistemlərdən istifadə etməklə proqram təminatına Bayes metodunun tətbiqi üçün alqoritmin işlənilməsi” (Developing an algorithm for the application of Bayesian method to software using artificial immune systems) adlı yeni məqalədə süni immun sistemlərindən istifadə etməklə proqram təminatına Bayes metodu tətbiq olunaraq yeni alqoritm işlənib.
Məqalənin müəllifi AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovadır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə nüfuzlu “Soft Computing” jurnalında dərc olunub. Məqalədə qeyd olunub ki, süni immun sistemi nəzəri immunologiyada problemlərin həlli üçün istifadə olunan modellərdən, prinsiplərdən, mexanizmlərdən və funksiyalardan istifadə edən adaptiv hesablama sistemidir. Onun müxtəlif elm sahələrinə tətbiqi araşdırılıb. Süni immun sistemlərinin proqram təminatı üçün oynadığı rol əvəzsizdir.
Tədqiqat zamanı ziyanlı proqram təminatını aşkarlamaq üçün metodlar araşdırılıb. Süni immun sistemi sahəsində olan bəzi ədəbiyyatların təhlili aparılıb, həll olunası məsələlər müəyyənləşdirilib. Bayes metodu müəyyən şərt daxilində hər hansı bir hadisənin olma ehtimalını dəqiq hesablamağa icazə verir. İşdə süni immun sistemlərdən istifadə etməklə proqram təminatına Bayes metodunun tətbiqi bununla əlaqədardır. Bunun üçün yeni alqoritm işlənilib və eksperimentlər aparılıb. Eksperimentlər müsbət nəticə verib.
Qeyd edək ki, “Soft Computing” jurnalı “Web of Science”, “CNKI”, “DBLP” “EBSCO Engineering Source”, “Google Scholar”, “CiteFactor”, “Scopus” kimi nüfuzlu elmi bazalarda indeksləşir və referatlaşır.

Texnologiya 2021-06-23 16:54:00